Suyun təzyiqinin azaldılması problemlər yaradacaq


Mirvari Qəhrəmanlı: “İsraf istixanalarda, ağac, gül, gül kolları yetişdirilən “pitomnik”lərdə baş verir. Bunlar da varlı, “arxalı” adamlara mənsubdur”

  Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Bu barədə “Azərsu” ASC istehlakçılara xəbərdarlıq edib. “Azərsu” ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib. İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, suyun verilməsi qrafikində dəyişiklik edilsin. Bəzi ərazilərdə gecə suyun təzyiqi aşağı salınacaq, bəzi ərazilərdə, məsələn, qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq, 12 saat su verilirsə, 8 saata salınacaq. Bu qrafik adətən yay aylarında tətbiq edilirdi. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bakıətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq. Artıq ötən həftədən yeni qrafikin tətbiqinə başlanılıb. Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması “Azərsu” ASC-ni buna vadar edir. Qeyd edilir ki, ötən il “Taxtakörpü” su anbarıda 180 milyon kubmetr su ehtiyatı var idi. Məlumdur ki, ölkə başçısının sərəncamı ilə Su Komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib. Qərar qəbul olunub ki, ümumilikdə Ceyranbatan gölündən götürülən suyun həcmi azaldılsın.
  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri A.Cəbrayıllı KİV-ə açıqlamasında eyni zamanda abonentləri sudan qeyri-qanuni, uçotsuz istifadədən də çəkinməyə çağıraraq qeyd edib ki, israfçılığa yol verilməməlidir, qanunsuz su xətlərinin çəkilməsinə son qoyulmalıdır: "İnsanlar var, boş torpağı sulayır ki, sərinlik olsun. Hazırda təxmini 1 milyon 750 min abonentin 250 mininin sayğacı yoxdur. Sayğac olmayan ərazilərdə də böyük israfçılıq qeydə alınır. Bizim gördüyümüz bütün tədbirlər yay aylarında su qıtlığının yaşanmaması məqsədi daşıyır”.

  Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında əvvəlcə hökumətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu bildirdi: 
- Oğuzdan çəkilən su kəməri paytaxt və ətraf əraziləri 24 saat keyfiyyətli su ilə fasiləsiz təmin etməliydi. Hökumət bunu öhdəlik olaraq qəbul etmişdi. Amma öhdəliyə əməl edilmədi. Birinci növbədə öhdəliyi yerinə yetirsinlər, paytax və ətraf əraziləri keyfiyyətli su ilə 24 saat – fasiləsiz təmin etsinlər. İçməli suya az xlor vursunlar. Suya vuruluan xlor suyun keyfiyyətini yaxşılaşdırmır. Əksinə, insanlarda müxətlif xəstəliklərin yaranmasına səbəb olur. Suya o qədər xlor vururlar ki, stəkanların, su qablarının kənarları ərp bağlayır. Paytaxtda krantdan suyu birbaşa içmək mümkün deyil. Suyun keyfiyyətinə təminat yoxdur. İkincisi, Bakıda su onsuz da qənaətlə işlədilir. Kim suyu boş-boşuna açıq qoyur? Suyun israf edilməsi istixanalarda, ağac, gül, gül kolları yetişdirilən “pitomnik”lərdə baş verir. Bunlar da varlı, “arxalı” adamlara mənsubdur.  Elektrik enerjisi, təbii qaz, sudan istifadəyə görə ödəniş etməyən, ödənişdən yayınan da bu adamlardır. Bakıətrafı qəsəbələrdə sadə insanlar arasında torpaq becərən, əkinlə məşğul olanlar çox azdır.  “Azərsu” sudan sayğacsız istifadənin,   içməli sudan texniki məqsədlərlə istifadə olunmasının, su xətlərinə qanunsuz müdaxilələrin qarşısını almalıdır. Bu, onların işidir. 
  M.Qəhrəmanlı suyun təzyiqinin azaldıılmasının abonentlərə əlavə problemlər yaradacağını dedi: 
- Qış mövsümü hələ bitməyib. Havalar soyuq, şaxtalı keçir. İnsanlar evlərində kombi sistemi quraşdırıb. Çünki binaların mərkəzləşmiş istilik sistemi təminatı yoxdur. Kombilər isə alçaq təzyiqli su ilə işləmir. Kombi işləsin, mənzil isinsin deyə, abonent məcbur olacaq suyu nasosla vursun. Bu da elektrik enerjisindən daha çox istifadəyə gətirib çıxaracaq, su da daha çox işlənəcək. Bu o deməkdir ki, yeni qrafik istehlakçıların ziyanınadır. Və yeni qrafiklə suya qənaət mümkün olmayacaq. İstehlakçılar suyun verilməyə başladığı saatlarda daha çox ondan istifadə etməyə can atacaqlar, gün ərzində icra edə bilmədikləri işlərini məhz həmin saatlara saxlayacaqlar.