"Qadın sığınacaqlarının sayının artırılmasına ehtiyac var"

Mehriban Zeynalova: "...Bu artıq zərurət halını alıb"

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

  “Qadınlar hüquqlarından xəbərsizdir, ona görə də müdafiə oluna bilmirlər”. Bu fikirlər hüquq müdafiəçiləri, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan icitmai təşkilat rəhbərləri tərəfindən tez-tez səsləndirilir. Hüquq müdafiəçiləri, eləcə də qadınların hüquqi və sosial təminatıyla məşğul olan qeyri-hökumət təşkilatları, sığınacaq rəhbərləri problemin həlli üçün hüquqi maarifləndirməni ön plana çəkir, xüsusən regionlarda qadınlarla fəal iş aparılmasını, onların hüquqi bilgilər əldə etməsi üçün zəruri tədbirlərin icrasını vacib sayırlar. 

Fəaliyyət istiqamətləri arasında qadınların hüquqlarının müdafiəsinə də geniş yer verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirdə bu məsələlər də diqqət mərkəzində olub. “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda çıxışı zamanı komitənin sədri Bahar Muradova bildirib ki, zorakılığa məruz qalmış qadınların təhlükəsizliyinin təmin edilməsində  mühafizə orderlərinin tətbiqi ilə bağlı çətinliklər olub. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlı idi. Bəzən verilən mühafizə orderləri hadisələrin sayına adekvat olmur: "Bir qayda olaraq qısamüddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Lakin bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzrə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir. Paketlə bağlı dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən müsbət rəy verilməsini və Parlamentdə qəbul olunmasını gözləyirik". B.Muradova zorakılığa məruz qalan qadınların sığınacaqlara yerləşdirilməsində də bəzən problemlər yarandığını deyib. Komitə sədri bunu, sığınacaqlarda yer azlığı ilə əlaqələndirib. B.Muradova qeyd edib ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə hazırladığı hesabat sənədində qurbanların ədalət mühakiməsinə çıxışının ilk şərti kimi onlara göstəriləcək zəruri xidmətlərlə bağlı tövsiyələr verilib. Hesabatda bildirilir ki, qurbanların tibbi sığorta, maliyyə yardımı, mənzil təminatı və məşğulluq kimi ümumi xidmətlər vasitəsilə dəstəklənmək hüququ və bu sahədə məlumatlar bütün qurbanlar üçün əlçatan olmalıdır: "Qadın sığınacaqlarında yerlərin sayını artırmaqla bütün qurbanlar üçün təhlükəsiz yaşayış və dəstək hüququ yaradılmalıdır. Lakin zorakılığa məruz qalan qadınlar üçün nəzərdə tutulan sığınacaqlarda hazırda tələb olunan minimum sayda yerlərin 58 faizi hələ də çatışmır. Cinsi zorakılıq va zorlama qurbanı olan qadınlar üçün mərkəzlərin yaradılması da təklif edilir". Həmçinin qadınlara qarşı zorakılığın və məişət zorakılığının bütün qurbanları va onların övladlarına ixtisaslaşdırılmış xidmətlər təklif edə bilmələri üçün qadın QHT-lərinin kifayət qədər maliyyələşdirilməsi tövsiyə olunub. Digər tövsiyələr qadınlara qarşı zorakılıq qurbanları üçün 24/7 rejimində çalışan yardım xəttinin mövcud olmasını təmin etmək üçün maliyyələşdirmənin artırılması, dəstək xidmətlərinə çıxış əldə etməkdə çətinlik çəkən qurbanlara dəstək olmaq üçün sayyar xidmətlərin təşkili, qaynar xəttə zənglərin hər kəs üçün ödənişsiz olmasını təmin etmək üçün dövlət orqanları ilə mobil operatorlar arasında əməkdaşlıq protokollarının işlənib hazırlanması, salahiyyətli orqanların uzun sürən prosedurları və qurbanlarda vəsait çatışmazlığı səbəbindən mühafizədə boşluqların yaranmaması üçün sənədləri olmayan qadınların sənədlərinin dublikatlarını ödənişsiz almasını təmin etmək məqsədilə prosedurların sürətləndirilməsi daxildir. 
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında qeyd etdi ki, konfransda ciddi problemlərə toxunuldu: 
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə hazırladığı hesabat sənədində bir sıra tövsiyələr var. Bahar xanım onları açıqladı;  qurbanların ədalət mühakiməsinə çıxışının təmin edilməsi, zəruri hüquqi xidmətlər göstərilməsi, qurbanların tibbi sığorta, maliyyə yardımı, mənzil təminatı və məşğulluğunun təmini, qadın sığınacaqlarında yerlərin sayının artırılması, qurbanlar üçün təhlükəsiz yaşayışı təmin etmək... Həmçinin cinsi zorakılıq va zorlama qurbanı olan qadınlar üçün xüsusi mərkəzlərin yaradılması da tövsiyələrə daxildir. Bu tövsiyələrin yerinə yetirilməsi üçün qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edilməli, vətəndaş institutları problemin həllinə cəlb edilməlidir. Bahar xanım sığınacaqların azlığını bundan əvvəl də gündəmə gətirmişdi. Bəli, bu, ciddi problemdir. Məhz yer azlığı səbəbindən zorakılığa məruz qalan qadınları sığınacağa bəzən qəbul edə bilmirik. Bu da zorakılığa məruz qalmış və hətta həyati təhlükəsi olan qadınlar üçün riskli vəziyyət yaradır. DİN-nin 1,  ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin də 3 sığınacağı var. Qalan 5 sığınacaq qeyri-dövlət əsaslıdır. Bizim Qadın sığınacağı Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. Əlbəttə, dövlətin yardımını, dəstəyini də hiss edirik. Bəli, sığınacaqların sayının artırılmasına ehtiyac var və bu artıq zərurət halını alıb. Amma buna necə nail olunmalıdır? Məsələn, Amerika Birləşmiş Ştatlarında dövlət qeyri-hökumət təşkilatlarına sifariş verir, ehtiyaclar dəyərləndirilir, buna uyğun olaraq da QHT-lər sifarişi icra edir. Bunun üçün dövlət QHT sektoruna 70 faiz civarında yardım edir. Fikrimcə, bizdə də bu metoddan istifadə edilməlidir. Əvvəlcə mövcud vəziyyət və ehtiyaclar dəyərləndirilməlidir. Keçid sığınacaqları da yaradıla bilər. Keçid sığınacaqları bölgələr üçün xarakterikdir. Təhlükəsizliyin təmini məqsədilə əvvəlcə keçid sığınacaqlara yerləşdirilənlər, təhlillər aparıldıqdan sonra digər sığınacaqlara köçürülə bilər. Paytaxtda da, bölgələrdə də buna ehtiyac var. 
  M.Zeynalova qeyd etdi ki, mühafizə orderi məsələsində də problemlər ortadan qaldırılmalıdır: 
- Qərarlar çevik verilmir. Bu da qadınların hüquqlarının pozulmasına, sağlamlıqları və həyatlarına təhlükəni daha da artırır. Bu işdə məhkəmələrin üzərinə məsuliyyət düşür. Uzaqlaşdırma qərarları zamanında verilməlidir ki, qadınların həyat və sağlamlığına real təhlükə aradan qalxsın. Qadınların hüquqi maarifləndirilməsi də əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu işdə komitə qeyri-hökumət təşkilatları ilə sıx çalışmalıdır. Dəstək xidmətlərinə çıxış əldə etməkdə çətinlik çəkən qurbanlara dəstək olmaq üçün sayyar xidmətlərin təşkili vacibdir. Qaynar xətlərin fasiləsiz çalışması, daxil olan zəngləri aidiyyəti üzrə yönləndirməsi üçün dövlət orqanları ilə mobil operatorlar arasında əməkdaşlıq zəruridir. Bu zəruri tədbirlər həyata keçirilərsə, hüquqların təminatı məsələsində daha yüksək nəticələrə nail olarıq.