Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”


Bir zal olmadı ki xalq, sənət dostları sənətkarla vidalaşa bilsin?!


  Səməd Vurğun yazırdı: “Bizdə şeir də var, sənət də vardır, şeirə, sənətə hörmət də vardır”. Rəhmətlik “sənətkar” sözünü əlavə etməyib; sənətə hörmət varsa, sənətkara da olar yəqin, inamıyla. Nə biləydi ki gün gələcək şeir də, sənət də, sənətkar da hörmətdən düşəcək?!. Son 3-4 ili necə ötürdüyümüzə nəzər salsaq, istedadlı və xalqın sevdiyi, sayğı göstərdiyi həqiqi sənətkarların dəfni sakit, kirimişcə keçirilib. Sənətkarlara hörmətsizlik nə vaxtdan “dəb”ə “mindi”? Bir az araşdırma apardıqda məlum oldu ki, Akademik  Milli Dram Teatrının səhnəsi mərhumlara illər öncə bağlı elan edilib. Xalq artisti Əli Nur vida mərasimlərinə qoyulan qadağanın tarixçəsini belə anladıb: "Bu ənənə rəhmətlik Mikayıl Mirzənin dəfn olunmasından başlayıb. Həmin vaxt Polad Bülbüloğlu mədəniyyət naziri idi. Polad Bülbüloğlu Mikayıl Mirzəni xoşlamırdı. Mikayıl Mirzə istəyirdi ki, teatr inkişaf eləsin, dünyaya çıxsın, yaxşı tamaşalar qoyulsun. Beləcə, onların arasında narazılıq yarandı. Mikayıl Mirzə rəhmətə gedəndə icazə vermədilər ki, onun cənazəsi teatrdan götürülsün, ondan sonra aktyorlara vida mərasimi keçirilməməsi ənənəsi davam elədi. Yeganə mərhum Xalq artisti Amaliya Pənahova dünyasını dəyişəndə ona Akademik Milli Dram Teatrında vida mərasimi keçirildi. Başqa heç kimə icazə verilmədi”. 
  Yaddaşın dərinliklərinə enəndə görürsən ki, xalq artistinin söylədiklərində həqiqət payı var. Rəfael Dadaşovla vida mərasimi evində keçirildi. Safura İbrahimova, Zərnigar Ağakişiyeva, Ramiz Məmmədov, Ramiz Əzizbəyli, İlham Əsgərov, Fuad Poladov... indi də Ramiz Novruz (Novruzov). Sonra kimlər olacaq, Allah bilir. Kimin harada dəfn ediləcəyi, vida mərasiminin harada keçirildiyi, ümumiyyətlə, keçirilib-keçirilməyəcəyinə önəm verənlərdən deyilik. Əsas insanın ona təyin edilmiş ömrü şərəflə, ləyaqətlə yaşamasıdır. Həyatda məhz bu cür yaşayanları ucaldan da budur. Həqiqi sənətkarlar xalqın əbədi sevgisini qazanır, heç vaxt unudulmurlar. Onlara layiq olduqları diqqəti, hörməti göstərməyənlərsə qınanır, qarğış sahibi olurlar.     
  Xalq artisti Ramiz Novruzovun cənazəsinin Akademik Milli Dram Teatrının səhnəsindən götürülməməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Mədəniyyət Nazirliyinin, Akademik Dram Teatrının rəhbərliyi sərt qınaqlara tuş gəlib.  
  Dosent Zaur Əliyev yazıb: "Sizi dünyalar qədər sevirdim" filmi ekranlara çıxan gün keçmiş Sovetlər Birliyində ən çox baxılanlardan biri oldu. Buna iki səbəb var idi. 1) Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun haqqında idi. 2) Həzi Aslanov obrazını yaradan gənc aktyor Ramiz Novruzun peşəkar aktyorluq qabiliyyəti. Ramiz Novruz qürurlu aktyor idi. Xalq artisti adını layiqincə daşıya bilən insan idi. Mənə görə Həsən Əbluc, Fuad Poladov və Ramiz Novruz üçlüyü son 30-40  ilin ən gözəl aktyorları idilər. Bu üçlüyü birləşdirən bir xətt var : milli kimliyi  özlərində yaşadan xətt… Üçü də bir sözləri ilə milyonlar qazana bilərdilər. Amma onlar başlarını dik tutaraq ölümü seçdilər, təmiz vicdan və adla bizi tərk etdilər. Ramiz Novruz səhnə həyatının ən çətin rolunu Həzi Aslanov obrazı ilə oynadı. General Həzi Aslanov rusca pis danışırmış. Cəbhə xəttində davranış taktikasını, özünü düşmənə bildirməmək qaydalarını izah edəndə belə deyirmiş: "Adə, mı uje zdes (biz buradayıq), a nemes, aha, uje tam, mı zdes oqon, yəni ocaq qalasaq, ottuda nemes oqon, (əlini əlinə vuraraq) nas net (biz yoxuq)". "Uje" sözünü çox işlədirmiş. "General" sözünü deyə bilmirmiş, "general" əvəzinə "gerenal" deyirmiş. Döyüş yoldaşları onu çox istəyirmişlər, cavan olmasına baxmayaraq, "batya" deyə çağırırmışlar. Məhz Batyanı canlandırmaq Ramiz Novruzun ömür dəftərinə yazıldı, filmə baxan yaxınları deyirdilər ki, Ramiz o qədər real oynayıb ki, generalın ailəsi onu öz doğmaları kimi qəbul etdilər...Necə general danışırdı, onun obrazında Ramiz Novruz eyni danışırdı... Belə bir aktyor. Belə bir insan. Ölümü ilə ölümsüzlük qazandı. Çox heyif ki, onu İkinci Fəxri xiyabanda dəfn etmədilər. Çox heyif ki, onunla vida mərasimi Mədəniyyət Nazirliyinin adına yaraşmadı. Çox heyif ki, onun ölümü ilə bağlı rəsmi səviyyədə nekroloq olmadı. Çox heyif ki, Ramiz Novruza bu qədər soyuq yanaşıldı.
  …100 illər keçəcək, gələcək nəsillər Ramiz Novruzun ifasında Həzi Aslanova həsr edilən filmə baxıb deyəcəklər: Mən sizləri dünyalar qədər sevirəm! Ruhun şad olsun Sənətkar!
  Rəsul Mirhəşimli: Sənəti və şəxsiyyəti mükəmməl olub, bu iki cəhəti ilə bir-birini tamamlayan insanlar az olur. Ramiz Novruz aktyor kimi çox istedadlı, peşəkar sənət adamı, eyni zamanda mükəmməl insan idi. Zəngin dünyagörüşü olan Ramiz bəyi həyatda tanıdığım, doxsanıncı illərdə dəfələrlə müsahibə alan jurnalist kimi şanslı sayıram özümü. Bu cür yüksək istedadı olmasına rəğmən həddindən artıq təvazökar insan idi. Azərbaycan kinosuna general Həzi Aslanov obrazı bəxş edən, bu rolda özünü tamaşaçıya bir ömür sevdirməyi bacaran sənətkarın dəfn mərasimi sıradan, yalnız ailə üzvlərinin və yaxınlarının təşkilatçılığı ilə keçirilməli deyildi. Xalq artistinin dəfni dövlət səviyyəsində təşkil edilməli, Mədəniyyət Nazirliyi vida mərasimi düzənləməli idi. Azərbaycan mədəniyyətini tanımayan insanlar vəzifədə oturduqca, bu cür laqeydlik üçün çox təəssüf edəcəyik. Allah Ramiz Novruza rəhmət eləsin!
  Şahbaz Xuduoğlu: Ramiz  Novruz böyük sənətkar olmaqla yanaşı, mükəmməl şəxsiyyət idi. Biz öyrənmişik ki, xalqın adına layiq  sənətkarları xalq özü  son mənzilə yola salır. Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Az. drama!, bir zal olmadı ki xalq, sənət dostları sənətkarla vidalaşa  bilsin?!
  Xalq artisti Əli Nur: “Sovet dövründə adicə əməkdar artist dünyasını dəyişəndə belə onu Akademik Milli Dram Teatrının səhnəsindən və yaxud kiçik formada Aktyorlar Evindən götürürdülər. Yəni dövlət aktyorun, sənətin qədrini bilirdi, sənətin qiymətini bilənləri dəyərləndirirdi. Amma indi elə bil dünya heç bunların vecinə deyil. Təsəvvür edin, saat 4 radələridir, biz hələ indi dəfnə toplaşmışıq. Bu məsələ əvvəldən layiqli şəkildə təşkil olunmalı, Ramiz Novruz kimi çox dəyərli sənətkar layiqli dəfn edilməli idi. Axı Ramiz Novruz elə-belə aktyor deyil. O, Azərbaycan kinosunun, teatrının böyük aktyorudur. Bu sənətkar da gərək şərəflə, ləyaqətlə, adına layiq, həmçinin Azərbaycan mədəniyyətinin, dövlətinin adına layiq dəfn olunaydı. Axı bu cür aktyorlar səhnədə 50 il can qoymuş adamlardır. Onlar Azərbaycan mədəniyyətinin ideologiyası, tribunasıdır. Ramiz Novruz Akademik Milli Dram Teatrının səhnəsindən götürülməliydi, Mədəniyyət Nazirliyinin yüksək səviyyəli məmurları, heç olmasa, hərəsi bir-iki kəlmə söz deyəydi. Ramiz Novruzu gizli şəkildə dəfn etmək axı ayıbdır!”.
  Akademik Milli Dram Teatrının baş rejissoru Azərpaşa Nemətov isə bildirib ki, “Azdrama”da vida mərasimləri artıq keçirilmir. Mədəniyyət Nazirliyində isə nazir postu hələ boşdur deyə, kimsə məsuliyyəti üzərinə götürmək istəməyib. Vəssalam!