Ölü quşlardan dron kimi istifadə olunacaq

Bundan vəhşi təbiəti müşahidə etmək məqsədilə istifadə ediləcək

  Ölü quşların skeleti doldurularaq dron kimi istifadə edilə biləcək. Bu barədə “NTV.com.tr” də yer alan məlumatda bildirilir. Xəbərə görə, ölmüş quşların içi doldurulacaq və bundan vəhşi təbiəti müşahidə etmək məqsədilə istifadə ediləcək. ABŞ İqlim və Kosmos Elmləri İnstitutu “SciTech 2023” Forumunda bu haqda məlumat verib. Məlumatda qeyd olunub ki, ölmüş quşlardan qanad çalan dron kimi istifadə ediləcəyi zaman çox yaxındır. Qanad çalan dronlar – ornitopterlər, quşların uçuş sürəti, həmçinin pərvanələrin də uçuşu nəzərə alınaraq mexaniki hissəciklərdən istifadə edilməklə istehsal edilir. “Qanad çalan” dronlar insanların vəhşi təbiəti müşahidə altında saxlamasına imkan verir. “Qanad çalan” dronların istehsalında quşların təbii xüsusiyyətləri ilə süni intellekt imkanları birləşdirilib. Yeni dronların ilk uçuşu gerçəkləşib artıq. Alimlər bildirib ki, qanad çalan dronlar təbii göründüyündən şübhə oyatmayacaq. Canlılar bu dronları quş sandıqları üçün  rahatsız olmayacaqlar. Cihaz isə müşahidələrə davam edəcək. İstehsalçılar canlılar cihazın səsindən qorxmasın deyə, dronun səssiz uçuşunu da təmin edib.