Taksilər üçün xüsusi duracaqlar mütləq yaradılmalıdır


Bunun mexanizmi effektiv şəkildə qurulmalıdır ki, sərnişinlər yararlana bilsin

  Paytaxtın “20 Yanvar” dairəsi, "Şamaxinka" adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksiləri üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən ödənişsiz duracaq yerləri təşkil edilib. Bu barədə "Milli.Az"a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlardan istifadəsi zəruridir.

  Nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında qeyd etdi ki, taksilər üçün xüsusi duracaqlar mütləq yaradılmalıdır: 

- Amma duracaqlar yaratmaqla iş bitmir. Bunun mexanizmi effektiv şəkildə qurulmalıdır ki, sərnişinlər yararlana bilsin. Baxın, taksi sifarişinin onlayn forması artıq oturuşub. Vətəndaş harada olursa-olsun,  istənilən zaman taksi sifariş edə bilir. Taksilər vətəndaşı mənzilindən alıb istədiyi məkana çatdırır. İctimai nəqliyyatda son illərin ən müsbət dəyişikliyi məhz onlayn taksi xidmətidir. Vətəndaşlar da razıdır, sürücülər də, şirkətlər də. Taksi duracaqları ilə bağlı da mərkəzləşmiş sistem olmalıdır. Duracaqlarda xidmət bürosu kimi bir sistem fəaliyyət göstərməlidir. Vətəndaş ora yaxınlaşıb taksi xidmətindən istifadə etmək istədiyini bildirməli və taksilər də sərnişinlərə növbəli şəkildə xidmət göstərməlidir. Bu işə nəzarət və yönləndirmə olmalıdır ki, vəziyyət yenə də xaotik şəkil almasın. 

Bilirik ki, fərdi taksilər metrostansiyaların çıxışında dayanır, avtobus zolaqlarını, yolun hərəkət hissəsini, bəzən hətta 2 hərəkət zolağını zəbt edirlər, tıxac yaranır, vətəndaşların sərbəst hərəkətinə mane olurlar. Məsələn, Ankarada, İstanbulda mən taksi xidməti ilə bağlı mərkəzləşmiş sistemin fəaliyyətini görmüşəm. Bu şəhərlərdə avtobus dayanacaqlarında xüsusi aparatlar quraşdırılıb, vətəndaş dəstəyi qaldırıb taksi sifariş edə bilir. Bizdə də belə bir sistem yaradılmalıdır. Vətəndaşlar  tədricən bu sistemə alışacaqlar, adaptasiya olunacaqlar. 

İ.Hüseynli qeyd etdi ki, “1 manatlıq” (2 manatdır artıq, adı “1 manatlıq” qalıb - M.R.) taksi xidməti də sistemləşdirilməlidir: 
- Hər bir işdə əsas məqsəd insanların rahatlığı olmalıdır. 

Adətən “1 manatlıq” taksilərin ictimai nəqliyyatı əvəz etdiyi, axşam saatlarında işdən qayıdan insanların məcburiyyət qarşısında taksi xidmətindən istifadə etdiyi deyilir. Bəli, bu problem var. Axşam saatlarında avtobusların sayı azalır, xəttə çıxmırlar. Bu vəziyyətdə sərnişinlər taksi xidmətindən istifadə etməli olur. Amma ABŞ-də vəziyyət fərqlidir. ABŞ-də ictimai nəqliyyat vasitələri çoxçeşidlidir. 

Avtobuslar, sürət qatarları var, həm də fərdi taksi xidməti. Tutalım, Nyu-Yorkda gərgin iş saatından sonra evə qayıdan vətəndaş səs-küydən uzaq olmaq istəyirsə, taksi xidmətindən istifadə edir. Hərçənd orda ictimai nəqliyyatda ən xırda çıqqıltıya da icazə verilmir. Bu əsasla ki, işdən qayıdanlar sakitlik istəyir, onların rahatlığı pozulmamalıdır. Bizdə isə avtobusda, metroda sərnişinlər sanki qəsdən başqlarının rahatlığını pozmağa çalışır və ucadan danışır, hətta qulaqcıqla dinlədikləri musiqini də ətrafdakılar eşidir. 

Hesab edirəm ki, sərnişinlərin rahatlığı baxımından fərdi taksi xidməti mütləq saxlanmalıdır. Bu həm vətəndaşların gəlir mənbəyi olaraq saxlanmalıdır, həm də alternativ nəqliyyat vasitəsi kimi. Elə insanlar var, işdən sonra avtobusa minib basa-bas içində getmək istəmir. 

Avtobus hər dayanacaqda saxlayır, sərnişin düşürür, sərnişin mindirir. Elə insan var, evinə rahat, daha tez çatmaq istəyir, belədə fərdi taksi xidməti köməyinə çatır. Əgər biz ictimai nəqliyyatı sərnişinlər üçün daha rahat, əlverişli etmək istəyiriksə, bir vasitə digərini inkar etməməlidir. 

İritutumlu avtobuslarla yanaşı, ortatutumlu avtobuslar, avtobuslarla yanaşı, taksi xidməti də olmalıdır. Metropoliten öz yerində, yerüstü metro xətləri, metrobuslar da olmalıdır.