Xüsusi “zəlzələ kabinəsi” düzəldib


Türkiyədəki dağıdıcı zəlzələdən sonra insanlar təbii fəlakətlərə daha hazırlıqlı olmağa çalışır

  İzmirdə yaşayan Mustafa Tozan zəlzələdən qorunmaq üçün mənzilində xüsusi “zəlzələ kabinəsi” düzəldib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyədəki dağıdıcı zəlzələdən sonra insanlar təbii fəlakətlərə daha hazırlıqlı olmağa çalışır. Ölkə ərazisində, digər bölgələrdə də zəlzələ baş verə biləcəyi ehtimalları nə qədər narahatedici olsa da, insanlar buna qarşı dirəniş göstərə biləcəklərini də ifadə edirlər. İzmirli Mustafa Tozan mümkün zəlzələ halında mənzildə ailəsi ilə qoruna biləcəyi yer düzəldib. M.Tozanın “mühafizə kabinəsi” düzəltmək fikrinə gəlməyinə həyat yoldaşı səbəb olub:

 “Həyat yoldaşım İzmir zəlzələsində çox qorxub sarsılmışdı. Kahramanmaraş zəlzələsi baş verdikdə mənə dedi ki, elə bir yer düzəlt, zəlzələ olarsa orada gizlənib özümüzü qoruya bilək. Mən də işə başladım”. İxtisası elektrik mühəndisliyi olan M.Tozan mənzilin televizor qoyulmuş divarının arxasında mühafizə kabinəsi düzəltməyə başlayıb. Kabinənin divarları polad üzlüklərlə örtülüb və  66 ton ağırlığa duruş gətirə biləcək.

Polad üzlüklərin üzərini isə dörd bir tərəfdən süngər materialla əhatələyib ki, dağıntı zamanı yumşaq cisim əhatəsində olsunlar. Kabinədə üstü örtülü sandıq da qoyub. Sandığın içində bir müddət həyatda qala bilmək üçün zəruri əşyalar - su, təhlükəsizlik kəməri, adaptor, batareya, lampa, fit aləti və sair toplanıb. 

M.Tozanın mühafizə kabinəsindən xəbər tutanlar eyni kabinədən sifariş edir. M.Tozan mühafizə kabinəsinin istehsalçısı kimi qeydiyyata  alınıb.