Hamını düşündürən ancaq menyudur

Şadlıq sarayında mərasim keçirmək istəyən vətəndaş heç vaxt oranın mətbəxinin, sanitar qovşağının hansı durumda olduğu ilə maraqlanmır

Sağlamlığı qorumaq hamının borcudur. O cümlədən də ictimai iaşə obyektlərində bu məsələlərə ciddi yanaşılmalıdır

  Bərdədə nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Nəzarət tədbirləri çərçivəsində agentlik əməkdaşları Bərdə rayonu, Şirvanlı kəndində fəaliyyət göstərən fiziki şəxs Cəfərov Fəxri Musa oğluna məxsus “Fərid” şadlıq evində yoxlama aparıb. Yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, mətbəx sahəsində döşəmədə çirkab suların axıdılması məqsədilə drenaj sistemin qurulmadığı, qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənmə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, işçi heyətin şəxsi gigiyenası məqsədilə əlyuma çanaqlarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrasına göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

  Eyni nöqsanlar, bəlkə də şadlıq saraylarının, kafe və restoranların bir çoxunda mövcuddur. AQTA dəfələrlə analoji məlumatlar açıqlayıb, nöqsanlar aşkarlanan ictimai iaşə obyektlərinin adlarını sadalayıb. Lakin problem aradan qalxmır. Fəaliyyəti məhdudlaşdırılan müəssisələr bir müddət sonra, guya ki, nöqsanları aradan qaldırıb yenidən işə başlayırlar. Nöqsanlarsa çox zaman olduğu kimi qalır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu fikirdədir ki, ictimai iaşə obyektlərinin sanitar-texniki, eləcə də sanitar-gigiyenik normaların pozulması və nöqsanların aradan qaldırılmamasında əhalinin də “payı” var: 

- Çox zaman əhali gigiyenik normalara nə dərəcədə riayət edildiyinin fərqinə varmır.  Sizcə, şadlıq sarayında, şadlıq evində hansısa mərasim keçirmək istəyən vətəndaş oranın mətbəxinin, sanitar qovşağının hansı durumda olduğu ilə maraqlananın sayı nə qədər olar? Məncə, çox az. Bəlkə də tək-tük insan bununla maraqlanır. İnsanları qonaqlara hansı yeməklərin təqdim olunacağı, ətin haradan gətiriləcəyi, menyuda nə var, nə yox, menyunun qiyməti maraqlandırır. 

Toy edənlə, şadlıq sarayı inzibatçısı arasındakı söhbətin əsas məzmunu bu olur. Masaya nələr veriləcək, menyu neçəyədi, nəyi menyudan çıxarmaq olar ki, qiymət bir az aşağı düşsün, buna bənzər məsələlər. Toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması, nadir hallarda baş verən hadisədi, bəlkə də ümumiyyətlə, belə hal baş vermir. 

Ona görə də şadlıq sarayı rəhbərliyi də təmizlik, normalara riayət etmək kimi məsələlərə ikinci, üçüncü dərəcəli iş kimi baxır. Rəhbərlik də əsas diqqəti menyuya və əlbəttə ki, daha çox gəlir əldə etməyə yönəldir. Nəticədə biz istehlakçıların hüquqları pozulur. Bizə keyfiyyətsiz qidalar da təqdim olunur, natəmiz mətbəxdə hazırlanan yeməklər də qarşımıza gətirilir. Qonaqlar da, toy sahibi də sanitar qovşağın natəmizliyini, uyğunsuz halda olmasını toyun ortasında görürlər. Daha bundan sonra kimə, necə şikayət edəcək. O vaxt kimsə nə şikayət etmək halında olur, nə də bunun marağında. 

Əslində necə olmalıdır, ictimai iaşə obyektlərində çalışanlar müntəzəm tibbi müayinədən keçirilməli, yoluxucu xəstəlikləri olub-olmadığı müəyyənləşməlidir, bunu təsdiq edən, müayinə olunduqlarını təsdiqləyən tibbi sənədləri olmalıdır. İctimai iaşə obyekti işçilərinin təmizliyinə, geyimlərinə, gigiyenik normalara riayət etdiklərinə daimi nəzarət olmalıdır. İşçilər təmizlik vasitələri, gigiyenik vasitələrlə təmin edilməli, obyekt dezinfeksiya məhlulları ilə müntəzəm yuyulmalı, təmizlənməldiir.  

Təəssüf ki,  bizdə bu məsələlərə çox zaman səhlənkar yanaşılır. Sanitar-gigiyenik qaydalara ciddi riayət edilmir. Xarici ölkələrdə belə məsələlərə ciddi fikir verirlər, çünki adi səhlənkarlıq, məsuliyyətsizlik restoran, kafe sahibinə baha başa gələ bilər. Baha başa gəlmək təkcə o demək deyil ki, gəlib onu cərimə edəcəklər, ziyana düşəcək. 

Cərimə öz yerində, amma sahibkarın əsas itkisi müştəri inamsızlığıdır. Əsl sahibkar müştəriləri itirməkdən qorxmalıdır, vergi və ya qida təhlükəsizliyi agentliyi əməkdaşından deyil. Satış mərkəzində, ictimai iaşə obyektində çalışan işçi heç özü də bilmədən hansısa xəstəliyə yoluxmuş ola bilər. 

Tibbi müayinədən  keçmək bu mənada ilk növbədə işçinin özünə lazımdır, əgər hansısa xəstəliyi varsa, vaxtında aşkarlansın və müalicə olunsun. Hər bir işçinin tibbi kitabçası olmalıdır və orada vacib müayinələrdən keçməsi haqqında məlumat qeyd olunmalıdır. Hazırda dünyada bilinən və bilinməyən müxtəlif xəstəliklər, viruslar var. Sağlamlığı qorumaq hamının borcudur. 

O cümlədən də ictimai iaşə obyektlərində bu məsələlərə  ciddi yanaşılmalıdır. İstehlakçılar da tələbkar olmalıdır. Əgər hansısa kafedə, restoranda əyləşib yemək sifariş edirsənsə, keyfiyyətli xidmət görəcəyindən əmin olmalısan. Bunun üçün də tələbkar olmaq lazımdır. İstehlakçının haqqı var ki, xörəyin hansı ərzaqla və hansı şəraitdə bişirildiyini bilsin. Madam ki, yemək sifariş edirik və buna görə ödəniş edirik, keyfiyyət tələb etmək haqqımız da var.