Bakıya axın daha da sürətlənib

Böyük şəhərlərdə əhali sıxlığının artmasına təbii proses kimi baxmaq olar, ancaq başqa səbəblər də var
Xəstə adam yıxıla-yıxıla paytaxta sənəd ardınca gəlir. Regional təhsil idarələri, imtahan mərkəzləri, mədəniyyət idarələri, hətta turizm idarələri də yaradılıb

  Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi Bakıya qeyri-təbii axının olması, regionların boşalması və bunun yaratdığı problemlər, eləcə də prosesin qarşısının alınması ilə bağlı təkliflərlə çıxış edib. İctimai Birliyin bununla bağlı mətbuata açıqlamasında qeyd olunur ki, hazırda ən ciddi problemlərdən biri Bakıya axının davam etməsidir: “Ölkə ərazisinin 2,5 faizini təşkil edən paytaxt əhalinin 25 faizdən çoxunu özündə cəmləşdirib. 

Qeyri-rəsmi məlumatlara görə isə bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır. Hər gün regionlardan 500 mindən çox insan paytaxta qısamüddətli giriş-çıxış edir. Paytaxtın avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur. Son 30 ildə qeyri-təbii urbanizasiya paytaxtda və bütövlükdə ölkədə ciddi problemlərə səbəb olub. Kəndlərdə əhalinin sayı sürətlə azalıb. Bu da bölgələrdə iqtisadi inkişafa, kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib. Paytaxtın həddən artıq "yüklənməsi" ekoloji vəziyyətin pisləşməsi, çirklənmə, tıxaclar və s. kimi ciddi problemlərin yaranmasına səbəb olub. Tənzimlənməyən miqrasiya Bakının və ətraf qəsəbələrin görünüşünə də təsirsiz ötüşməyib. Eyni zamanda kommunal təchizatda ciddi yüklənmələr müşahidə olunur. Qeydiyyatsız yaşama paytaxtda ictimai sabitlik baxımından da problemlər yaradır. Belə ki, hər il Bakıda baş verən cinayət hadisələrinin təqribən 35 faizi digər şəhər və rayonlarda qeydiyyatda olan və Bakıda yaşayan insanlar tərəfindən törədilir. Vətəndaşlarının az qala 3/1-nin paytaxtda məskunlaşması, əhalinin 15-20 faizinin qeydiyyatsız, qanunsuz tikilən evlərdə yaşaması ilə bağlı tədbirlər görülməli, ciddi fəsadlar yaradan tənzimlənməyən miqrasiyanın qarşısının alınması üçün mübarizə aparılmalıdır. Çünki belə davam edəcəyi təqdirdə gələcəkdə daha ciddi problemlər ortaya çıxa bilər. Tərəddüd etmədən deyə bilərik ki, heç bir ölkədə bu sayda qeydiyyatsız yaşama halları mövcud deyil”. 
  İctimai Birlik mövcud vəziyyətin hərtərəfli araşdırılmasını zəruri hesab edir. Həmçinin Bakı şəhərinə axının qarşısını almaq üçün inkişaf etmiş ölkələrin təcrübəsindən çıxış edərək təklif irəli sürüb: 
1. Əsas istiqamət kimi regionlarda yeni iş yerlərinin açılması və investorların regionlara cəlb edilməsi təşviq olunmalıdır.
2. Ali təhsil müəssisələrinin Lənkəran, Gəncə, Quba, Sabirabad, Şirvan, Şamaxı, Şuşa kimi yaşayış məntəqələrinə köçürülməsi təmin edilsin. Özəl ali təhsil müəssisələrinin regionlarda açılması stimullaşdırılmalıdır.
3. Hüquq-mühafizə orqanlarının mərkəzi orqanları istisna olunmaqla digər nazirliklər rayonlara köçürülməlidir. Məsələn, Mədəniyyət Nazirliyi Şuşaya, Kənd Təsərrüfatı Nazirliyi Qarabağ və ya Aran bölgəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubaya və ya Zaqatalaya, Müdafiə Nazirliyi Gəncə və ya Yevlaxa köçürülə bilər.
4. Böyük istehsal müəssisələri yaratmaq istəyənlərin bölgələrə istiqamətləndirilməsi təmin edilməlidir.
5. Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə güzəştli kretidlərin verilməsi təşviq edilməlidir.
  Paytaxta əhali axınının qarşısının alınması üçün irəli sürülən təkliflər, ekspertlər tərəfindən, əsasən dəstəklənir. Lakin bəzi başqa təkliflər də var. İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında paytaxtda əhali sıxlığı probleminin yeni olmadığını dedi: 
- Yaşlı, hətta orta nəslin nümayəndələri də yəqin xatırlayar ki, sovet vaxtı Bakıda qeydiyyata düşmək çox çətin idi. Bunun üçün tutarlı səbəb olmalıydı. Mərkəzi Komitənin təyinatı ilə Bakıya hansısa vəzifəyə çağırılanlar,  kadr ehtiyacı yarandıqda, konkret sahədə işləyənlər paytaxta işə dəvət edildikdə və sair oxşar hallarda qeydiyyat aparılırdı. Amma konkret işi, vəzifəsi olmayan birinin heç nədən, tutarlı bir səbəb olmadan Bakıda qeydiyyata düşməsi müşkül idi. Sovet illərində hətta ali məktəbi bitirənlərə də rayonlara təyinat verilirdi, 2 il orada işləməli olurdular. 2 il işlədikdən sonra kimlərsə Bakıya qayıdırdı, kimlərsə də rayonda qalıb işləməkdə davam edirdi. Ümumiyyətlə, adətən ali məktəbi bitirən şəxs hansı rayondan idisə, o rayona da təyinat alırdı, ya da bunun üçün xahiş-minnət edirdi. Bu sistem paytaxtda əhalinin artmasının qarşısını müəyyən qədər alırdı. Lakin XX əsrin sonlarından başlayaraq məlum hadisələr fonunda paytaxta yenə əhali axını sürətləndi. Regionlarda iş yerlərinin olmaması, yaşayış şərtlərinin ağırlaşması, Bakıda isə məlum tikinti bumu bu axını getdikcə sürətləndirdi.  Amma ümumilikdə götürdükdə, böyük şəhərlərdə əhali sıxlığının artmasına  təbii proses kimi də baxmaq olar. Burda da bir neçə səbəb var. Böyük şəhərlər sənaye mərkəzləri hesab edilir, şəhərdə iş tapmaq və qazanc əldə etmək üçün imkanlar həmişə geniş olur. O yerlərdə şəhərdə sıxlıq olmur, hansı ki sənaye və istehsal müəssisələri regionlara da yayılır, təkcə böyük şəhərlərdə deyil, kiçiklərdə də təhsil almaq və işləmək imkanları mövcuddur. Bu da güclü iqtisadiyyata malik, həmçinin iqtisadi imkanların bərabər paylandığı ölkələrdə mümkündür. Əgər sənaye və istehsalın böyük hissəsi bir şəhərdə cəmləşibsə, təbii ki, əhali ora axın edəcək. Təkcə sənaye, iş yerləri, qazanc əldə etmək baxımından deyil, sosial şərait, normal infrastruktur, mədəni mərkəzlər yoxdursa, əhali yaşadığı bölgəni yavaş-yavaş tərk etməyə məcbur olur. Fikir verin, bölgələrdən əhali müayinə olunmaq üçün Bakıya gəlir. Çünki regionlarda Diaqnostika Mərkəzləri tikilib istifadəyə verilsə də, kadr çatışmazlığı var. Bundan  əlavə şəkərli diabet xəstəsi əlilliyin təyinatı üçün mütləq Bakıya gəlməli, paytaxtda xəstəxanada müalicə olunmalıdır ki, ona əlillik təyin edilsin. Yəni bu işi o adamın yaşadığı, qeydiyyatda olduğu rayonda niyə etmək mümkün deyil? Çünki iş bu cür anormal qurulub. Xəstə adam yıxıla-yıxıla paytaxta sənəd ardınca gəlir. Regional təhsil idarələri, imtahan mərkəzləri, mədəniyyət idarələri, hətta turizm idarələri də yaradılıb. Lakin yenə də mərkəz Bakıdır. Bakının yükünü azaltmağın birinci şərti regionlarda əhalinin məşğulluğunun təmin edilməsidir. Həmçinin infrastrukturun müasirləşməsi, sosial şəraitin yaxşılaşmasıdır. Təsəvvür  edin, hələ də təbii qaz olmayan, əhalinin odun yandıraraq qızındığı və isti suyu da bu yolla əldə etdiyi kəndlərimiz var. O kəndin camaatı, əlbəttə çalışacaq, can atacaq ki, daha yaxşı şəraiti olan yerə, başqa şəhərə köçsün, həm də bu, elə bir şəhər olsun ki, orada işləyib qazanc əldə etmək də mümkün olsun. Bu da birinci növbədə Bakıdır.                
  İqtisadçı qeyd etdi ki, Bakıda əhali sıxlığının aradan qaldırılması, ümumən ölkənin inkişafına bağlı məsələdir: 
- Əsas məsələlərdən biri məhkəmə-hüquq sisteminin ədalətli fəaliyyətidir. Paytaxtda yenə də az-çox buna nail olmaq mümkündür. Regionlarda isə vəziyyət yaxşı deyil. Deyirik, investorlar regionlara cəlb edilsin. Əgər rayonun icra başçısı özünü “padşah” kimi aparırsa, bütün ixtiyarı əlində saxlayırsa,  yaranmış narazılıqda məhkəmə də sahibkarın, investorun deyil, rayon icra hakimyyətinin mövqeyini müdafiə edirsə, investor regionda niyə qalsın?!. Əlbəttə, regiona gedən olmayacaq, əksəriyyət paytaxtda qalmağa üstünlük verəcək. 
Ə.Həsənovun təklifi isə budur: 
- Bakının üzərindən paytaxt statusu götürülməlidir. Paytaxtı köçürmək lazımdır, Yevlaxa, Göyçaya... başqa hansısa bir rayona. Bu təcrübədən bir çox ölkələr istifadə edib, nəticə də müsbət olub. Yeni paytaxtlar inkişaf edib, inkişaf etmiş şəhərlərin sayı artıb. Paytaxt statusu götürülsə, Bakının cəlbediciliyi azalacaq, əhali də yeni paytaxta axın edəcək. Ölkəmizin görün nə qədər infrastruktur layihələri var, işğaldan azad edilmiş torpaqlarla bağlı da həmçinin. Əhalini regionlara yönləndirmək, bu baxımdan çətin olmamalıdır. Təbii ki, haqqında danışdığımız problemlər nəzərə alınıb həll edilməklə.  
  Qeyd edək ki, Bakıdakı sıxlıq probleminə sosial şəbəkə istifadəçiləri də rəy bildirib. Bəzisini təqdim edirik: 
  Kamil Həmidov: Nə qədər qəribə səslənsə də, sürətli dəmir yolu xətlərinin çoxaldılması Bakıdan əhalinin rayonlara qayıdışına səbəb ola bilər. İş yerləri Bakıdadır, bu şəxslərin əksriyyəti ailəlikcə şəhərdə kirayə yaşayırlar. Sürətli nəqliyyat olarsa, onlar ailələrini öz evlərinə qaytarar və özləri də rahat şəkildə rayon-şəhər nəqliyyatı rejimindən istifadə edərlər.
  Şəkili: Bakıya əhalinin axınının əsas səbəbi işsizlik problemi ilə əlaqədardır. Əhalinin Bakıya axınının yaranmasının əsas səbəbkarları regionlara təyin olunan icra başçılarıdır. İcra başçısı tərəfindən bir adama 10 vəzifə, yəni işin icrası tapşırılır, 10 adama isə bir iş verilmir. Şəki “Kommunaxoz”un müdirinə düz 10 pullu vəzifə tapşırılıb. Şəki Bələdiyyəsinə rəhbərlik edir, qaynı da Bələdiyyədə pul yığandır. A qardaş, gəlin, öz gözünüzlə görün. Bakıya axın belə olaraq yaranır!
  Əhməd Qəmbər: Millət Bakıya axın edər də! İrandan 14000 ton apelsin gəlir, soğan, kartof... Pakistan və sairədən. Amma Astara, Lənkəran kənd camaatına şərait yaradılsa, təsərrüfatlarını gücləndirsələr, o məhsulları özləri paytaxta gətirər. Bədbəxt kənd camatı məhsul becərə bilmir. İran da viruslu apelsini göndərir bizə.  Bundan sonra kəndli qalar rayonda? 
  Lerik: Bunun bir yolu var: regionlarda iş yerləri qurmaq və təsərrüfat sahiblərinə icra başçısının əliylə yox, bank yolu ilə köməklik etmək. Hər hektara salyarka pulu, traktor pulu, fəhlə pulu verilir dövlət tərəfindən, amma bədbəxt kəndlini aldadıb 150-200 manat verirlər. Bunu nəzərdə tuturam. Cins heyvanlar verilməlidir camaata, amma məsələn, Lerikdə cins heyvanlar mənimsənilir, əvəzinə yerli, qoca inəklər alınıb verilir, onlar da qışa salamat çıxmır. Onları verənlər bilirlər ki, heyvan qışda öləcək. Bakıda bütün tikililərə kupça verilsin və ondan sonra yeni tikililərə (həyət evlərinə) tikintiyə qadağa qoyulsun, axının qarşısı alınsın. Bunu bilməyə nə var ki?!.