Hacı Şahin Həsənli birləşdirici dəyərmiş


Onun ölüm xəbərindən sarsılmayan, təəssüflənməyən olmadı


  Belə bir izdihamı, insan selini 2000-ci ilin avqustunda görmüşdüm. Azərbaycan Respublikasının Prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy son mənzilə yola salınanda. Ümummilli Lider Heydər Əliyevin ölüm günü də belə oldu. İnsan seli, göz yaşları. İnsanların heç bir gözlənti, məcburiyyət olmadan, sadəcə vəfa borcunu yerinə yetirmək duyğusu və sevgisini izhar məqsədilə bir insanı son mənzilə yolçu etməsi nadir yaşanan hadisədir. Dünən növbəti dəfə belə müdhiş səhnəyə şahidlik etdik. Bəlkə çoxunun heç ağlına da gəlməzdi ki, din xadimi, ilahiyyatçı kimi təqdim edilən Hacı Şahin Həsənli belə nəhəng sevgi qazanıb. Dünən bunu gördük, əmin olduq. Və yenə də təəssüf ki, biz həqiqi dəyərli insanlarımızın kimliyini onları itirdikdən sonra başa düşürük. Hacı Şahin Həsənli birləşdirici dəyərmiş. Onun ölüm xəbərindən sarsılmayan, təəssüflənməyən olmadı, məncə.  İctimai xadimlər, ziyalılar, sadə vətəndaşar, onunla fikir ayrılıqları olanlar  və hətta inancsız insanlar da Hacı Şahin haqqında kədərli paylaşımlar etdilər, Allahdan rəhmət, ruhunun şad olmasını dilədilər.       
Aqşin Yenisey: 
  Beş-altı ilin söhbətidir. Çox axmaq və gözlənilməz bir problemlə üzləşmişdim. Hər kəsə də deyiləsi məsələ deyildi. Həm maddi, həm mənəvi təklikdə vurnuxurdum. Yaxın dostlardan biri ilə oturub dərdləşəndə dedi, bilirsən, sənə kim kömək edə bilər? Kim? Hacı Şahin! Nə danışırsan, məni hamı din tənqidçisi, ateist kimi tanıyır, kim inancını, imanını tənqid edən adama kömək edər, həm də heç vaxt üz-üzə gəlmədiyi, salam verib salam almadığı adama? Götürüb yanımda zəng etdi. Hacı Şahin adımı telefonda eşidən kimi heç bir səbəb soruşmadan cavab verdi ki, hardasınız? On beş dəqiqədən sonra tanımadığımız bir adam öz avtomobili ilə Hacı Şahinin təmənnasız köməyini gətirib böyük ehtiramla bizə təqdim etdi və "yenə nəsə lazım olsa xəbər edin" deyib çıxıb getdi.  O vaxt Hacı Şahini, ən azı, çevrəsinin qınağı ilə üz-üzə qoymamaq üçün bu əhvalatı yazmadım, heç kimə də danışmadım. Düşünürdüm ki, nə vaxtsa kitablarımda Tolstoyun "Sergi atası" kimi müsbət bir din xadimi obrazı yaratmaq istəsəm, bu adam Hacı Şahin olacaq. Mən Hacı Şahinin hansı ürək sahibi olduğunu çoxdan bilirdim. Təəssüf ki, bu cür ürəklər bu coğrafiyada nadirən döyünürlər və çox yaşamırlar.  Səni unutmayacağam, əziz və gizli dostum!
Şərif Ağ: Yaxşı insanın düşərgəsi olmur. Nə siyasi, nə milli, nə sinfi, nə də dini. Hacı Şahin bunu bir daha sübut etdi. Ruhu şad olsun. Mən də onun mərhəmətli qəlbi olduğuna əmin idim. Tanımadan... Səsindən... Danışığından... Doyub-toxtamış söhbətlərindən... Aqressivlikdən uzaqlığından...  
Elşad Barat: Xalq hacını son mənzilə yola salır. Bu adamlar sənin dəyərinin göstəricisidir. Ruhun şad olsun, işıqlı adam!
Xəqani Səfəroğlu: Hacı Şahin cəmiyyəti etiqad platformasında birləşdirməyi bacaran din xadimi idi. Tarixçilər dövlətin və cəmiyyətin hərəkətverici qüvvələrini və düşmənlərini tanıyan olur. Hacı Şahinin də bir ixtisası tarixçi idi. Allah rəhmət eləsin!
Aqşin Kərimov: Hacı Şahin Həsənli vəfat edib. Qalmaqaldan uzaq, tənqidə dözümlü, adekvat, mədəni, müzakirəyə açıq, dini inancın milli əsaslarla formalaşmasında xidmətləri olmuş bir şəxsi itirdik. Ruhu şad olsun.
Əlişir Əhəd: Milyonların sevgisini qazanmışdı. Öz əxlaqı, savadı və biliyi ilə nümunə idi çoxlarına Hacı Şahin. Həqiqətən də bu belə imiş - Yaxşı adamlar tez gedir. Uca Allah yaxınlarına, sevdiklərinə səbr versin.
Azər Rəşidoğlu: Hacı Şahin radikal və təkfirçi cərəyanlara qarşı az qala təkbaşına savaşırdı. Onu radikal təkfirçilər sevmirdi. Hacı Şahin İranın Azərbaycanda şiələri oyuna çəkməyinin də qarşısını az qala təkbaşına alırdı. Onu İran da sevmirdi. Onun qəfil ölümü çoxsaylı suallar doğurur. Bunu da araşdırmaq lazım gələcək. Hacı Şahinin ölümü Azərbaycan üçün böyük itki oldu. On minlərlə tərəfdarı olan, onları inandıra bilən bir ictimai xadimi itirdik. Allah rəhmət eləsin! Ailəsinin və sevənlərinin başı sağ olsun!
Qurban Yaquboglu: 2017-ci ildə Mövludun faciəsindən sonra sarsıntı içərisində olan kollektiv redaksiyaya bir din adamının dəvət olunmasına qərar verdi. Hacı Şahinin üzərində dayandıq. Dəvəti qəbul elədi, əlində Quran gəldi. Stresdən doğan ən müxtəlif "uşaq suallarını" da səbrlə cavablandırdı, sonra Yasin oxudu. Yasini aramla oxuyur, dayanır, izah verir, davam edirdi. Quran bitdi, hamı sakitləşdi. Hacı Şahin ictimai fəaliyyətində məzhəbi məqamlardan və tarixi konfliktdən uzaq dayanmağa çalışan səbrli din adamı və din xadimiydi. Allah rəhmət eləsin!
Elxan Şükürlü: O, Allahın kəlamlarını, o cümlədən həyatı və ölümü insanlarımıza ən gözəl şəkildə anladan, Allahı sevməyin Vətəni sevməkdən başladığını öyrədən və üçrəngli Azərbaycan bayrağını da şəhidlər sərdarı Həzrəti Hüseynin (s.) bayrağıyla birgə başı üzərinə qaldırmağı bacaran tək-tük istedadlı din xadimlərimizdən, yolunu azaraq cəhalət girdabında çırpınan bir toplumu aydınlığa çıxarmağa can atan həqiqi ziyalılarımızdan - İşıq İnsanlarımızdan idi!  Bu gün o İşıqlardan daha biri söndü! İtirənsə təkcə onu sevən, qardaş bilən minlərlə ardıcılı yox, bütün Azərbaycanımızdır!  Başın sağ olsun, Vətən!
Bəturə Nəbiyeva: Təpədən dırnağacan dindar idi, mömin idi, dinin əla bilicisi, İlahiyyatçı kimi əvəzsiz  idi. Ən vacibi Adam kimi Adam idi. Heyf ki, missiyası tez bitdi. Bütün yaxşılar kimi...
Rəsul Mirhəşimli: Nəcib Fazil Kısakürək yazırdı ki: Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər, Ölüm gözəl olmasaydı, ölərmiydi Peyğəmbər?! Hacı Şahin cəmiyyətə onu Sevdiyinə yola salanlara gələnləri ilə bu mesajı verdi: "Bu qədər sevənlərin olduqdan sonra ölüm gözəldir". Hacı Şahin namazlarında "Bizi doğru yola yönəlt" ayəsini təkcə tilavət etmədi, bu ayəni həyatında yaşatdı, minlərlə gəncin doğru yola gəlməsinə vəsilə oldu. O insanın dedikləri eşidənlərin qəlbini titrədir ki, bu sözləri söyləyən onu həyatı ilə yaşaya bilsin. Hacı Şahin danışdıqlarını həyatında yaşadan din xadimi idi.  "Sarvan, qatarımızı səri-kuyə çək" nidası ilə bu gün Hacı Şahinin ruhunu Sevdiyinə çəkdi. Allah ruhunu şad eləsin! Allah rəhmət eləsin!
Əntiqə Kərimzadə: Biz tərəflərdə yaxşı insana "imam övladı" deyirlər. Hacı Şahin də İmam övladı idi.  48 il yaşadı, 48000 insan sevgisini qazandı. Qonaq olduğu bu fani dünyadan heç kəsə möhtac olmadan köçdü. Bir anın içində, səssiz-səmirsiz... Nə gözəl ölümdü bu... Nə səssiz gedişdi bu... Nə acı qismətdi bu. Allah rəhmət etsin! 
Orxan Kərimov: Atam da belə ölmüşdü. Axşamçağı idi, çağırdı məni yanına, sağollaşdı, evi, ailəni tapşırdı mənə, uşaq idim, 12 yaşım vardı, ciddiyə ala bilmədim, gedib yatdım, 2 saat sonra oyandım ki, ürəyi tutub, keçinib. O da həmin gün, ürəyim yanır deyib həkimə getmişdi... Məhz bu səbəbdən olsa gərək, neçə illər keçdi,  heç vaxt onun ölümüylə barışa bilmədim, bilmirəm... Çünki öləcəyini hiss edən adamlar dünyadan köçəndən sonra, dərin bir boşluq qoyurlar qəlbimizdə... Bu gün də, Hacı... Eyni cür, eyni diaqnozdan və öləcəyini bilərək getdi aramızdan... Dünən axşam votsapda paylaşdığı misralar da elə bunun işarəsi imiş... Bilmirəm, yəqin ürək elə orqandır  ki, öldürəndə də xəbər edir. Və yəqin, atamın ölümünü qəbul edə bilmədiyim kimi, bu acını da bir ömür qəbul edə bilməyəcəm. Çünki son bir ildir, Hacının sözləri, hikməti, işığı mənə yön verib, yol göstərirdi. Ən böyük arzum idi, Bakıya gedib, onunla görüşmək, onu bu qədər gec anladığım üçün halallıq almaq... Neynək, nəsib olmadı... Hacını bizdən "ürəyi" aldı, amma bizim ürəklərimiz bir ömür onun istisinə, onun üçün döyünəcək... Məkanınız cənnət olsun, Nurlu Adam..!
Rauf Agamirzəyev: Allah rəhmət eləsin Hacı Şahinə! Dinindən,millətindən asılı olmayaraq hər kəs  bu itkiyə üzülür. Eldən gedən böyük bir azərbaycanlımızı itirdik. Yaxınlarına səbr.
Asəf Quliyev: Bütövlükdə Azərbaycan itirdi. Xatirəsinə sayğılar!
Nərgiz Salmanova  Liftiyeva: İslamı dərk edəndən Cümələrimiz, Ramazanlarımız, Məhərrəmliyimiz Hacının xütbələri ilə keçib... Sanki ailəmizdən biri idi. Məşədi Dadaş məscidinə bu böyük din aliminə vida üçün gedəcəyimiz ağlımıza gəlməzdi. İlk dəfə Hacı Şahinsiz Ramazan gələcək, yoxluğunu hələ çox hiss edəcəyik. Sevənləri göz yaşları ilə vidalaşdı. Minlərlə insan yollarda idi... Amma haqsızlıq edənlər də çox oldu, xırda bir şey tapıb ilişməyə çalışırdılar, qəlbini qırırdılar. Məcbur qalıb cavab verməli olurdu... Haqqını halal elə, Hacı! Allah sevdiklərini tez aparır yanına, o sevdiyin, təbliğ etdiyin Əhli-Beytə qonaq ol, İnşallah.
Yusif Rzayev: Heç vaxt qarşılaşmadıq, heç vaxt ünsiyyətdə olmadıq, amma ölüm xəbərini eşidəndən elə bilirəm, neçə illərin simsarını, yaxınını, doğmasını itirmişəm. Ruhu şa olsun!.. 
İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli: Səhər saatlarında aldığım bu xəbərlə dərindən sarsıldım. Göz yaşlarımı saxlaya bilmədim. Hacı Şahin mənim qardaşım, dostum, eyni zamanda iş yoldaşım idi. Onun cavan yaşda ölümü sarsıdıcı oldu. Ölüm haqdır, hər birimiz bir gün Allahdan gəldiyimiz kimi, ona dönəcəyik. Hacı Şahin Allaha qovuşdu. Bu dünya müvəqqətidir, bu dünya murdar yerdir, Hacı Şahinin o dünyası gözəl olsun. Onun din yolunda xidmətləri böyükdür”
Tarixçi Zaur Əliyev:  Hacı Şahinə gecikmiş məktub.
Əziz Hacı, mən səni çox istəyirəm, amma deyə bilmirdim... Narazı idim səndən, bəzi məsələrdə etiraz edirdim sənə, qınayırdım. Neçə dəfə bunu açıq yazmışdım. Amma bu o demək deyil idi ki, sənə sevgim yoxdur. İnsan sevdiyi insandan inciyir, amma sevgi azalmır ki, bu zaman... Çox söhbətlər edəcəkdik, tarixdən dinə gələn yolu müzakirə etməli idik...Səni ən savadlı insan bildiyim üçün uman yerim sən idin... Mən ən yaxın dostlarımdan birindən xahiş etmişdim, şəkər məni çox incidir, ola bilsin yaxın günlərdə öləcəm, onda Hacı Şahini dəvət edərsən, o məclisi aparar. Çünki Hacı Allahın sevdiyi insandır, Allahın sevdiyi insanın məni dəfn etməsi günahlarımı bağışlaya bilərdi. Hacı, mən indi səni yola salmağa gəlmişəm. Amma belə olmalı deyil idi... Olmalı deyildi. Məni sən yola salmalı idin. Amma....
Səni itirdik, çox acı çəkirik. Hazırda yüzlərlə insan sənin üçün göz yaşı tökür. Yüzlərlə insanın sevgisini qazanan Hacı....Bizi belə qoyub hara gedirsən... Göz yaşı, Sevgi, Sən bizə bunları qoyub gedirsən. Hər zaman səni yada salanda göz yaşlarımız töküləcək, amma bu Sevgi göz yaşlarıdır... Hacı, ruhun şad olsun, yerin cənnətdir. Bizim şəhidləri  dəfn edəndə yaşadığın hissləri görməmək mümkün deyildi... İndi sən şəhidlərimizin yanındasan. Cənnətdə bizdən salam de şəhidlərə...Onları orda da qoru... Hacı, səni çox sevirəm. Sən bu dünyada indi yoxsan ...amma sənə olan sevgim əbədiyyətə qədər qalacaq... Allah sənə rəhmət eləsin Hacı!
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunu olan Hacı Şahin, ikinci təhsilini tarix üzrə Bakı Dövlət Universitetində alıb. O, eyni zamanda fars və rus dillərini də bilirdi. Təkcə dindarlar deyil, cəmiyyətin digər kəsimləri arasında da böyük nüfuza sahib olan Hacı Şahin, həm də ictimai xadim kimi fəaliyyət göstərirdi. O, sağlığında kütləvi tədbirlərdə, şəhidlərin dəfn mərasimində yaxından iştirak etməklə şəhid ailələrinə mənəvi dəstəyi ilə diqqət çəkirdi. Eyni zamanda Vətən müharibəsi dövründə hərbçilərin ruh yüksəkliyinin artırılmasında da rolu olub. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş Məscidinin imamı idi. Allah rəhmət eləsin. Məkanı cənnət olar İnşəllah! 
Məlahət Rzayeva 
“Şərq” qəzetinin kollektivi ilahiyyatçı, islam xidmətçisi Hacı Şahin Həsənlinin ölümündən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və sevənlərinə səbr diləyir.