Çıxarışsız mənzil almaq təhlükəlidir

Vətəndaşın narahatlığı, tələskənliyi başadüşüləndir

“Çıxarışlı mənzillərlə çıxarışsız mənzillərin arasında qiymət fərqi olur. Vətəndaş da ucuz başa gəlsin deyə, çıxarışsız mənzillərə üstünlük verir”

  Azərbaycanda çıxarışsız mənzillərin satışının qadağan edilməsi təklif olunur. Bu barədə insan hüquqları üzrə müvəkkilin illik məruzəsində qeyd edilir. Məruzədə bildirilir ki, insanların mülkiyyət, mənzil və təhlükəsiz yaşamaq kimi hüquqlarının etibarlı müdafiəsi, xüsusilə tikintisi aparılan bina və qurğuların yaxınlığında, habelə təmas sahəsində yerləşən evlərdə yaşayan sakinlərin təhlükəsizliyinin təmini, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizənin genişləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, xüsusilə bu sahəyə nəzarətin gücləndirilməsi neqativ halların qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. 

  Sirr deyil ki, Bakı və Bakıətrafı qəsəbələrdə sənədsiz, o cümlədən çıxarışsız mənizllər, fərdi evlər həddindən artıq çoxdur. Həmçinin paytaxtda və kənar ərazilərdə inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı mənzillər də tikinti şirkətləri tərəfindən çıxarış olmadan, adətən müqavilə əsasında satılır. Bu isə sonradan sakinlərin bir çox problemlərlə üzləşməsinə, hətta ödəniş etdikləri mənzillərin əllərindən çıxmasına səbəb olur. 

Tikinti şirkətlərinin bir mənzili bir neçə müştəriyə satması halları da indiyədək çox yaşanıb. Bu cür əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilənlər də var. Lakin problem hələ də həllini tapmır. Əlaqədar qurumlar günahı bir-birinin üzərinə atmaqla məşğuldur. İcra hakimiyyəti bələdiyyəni, bələdiyyə Dövlət Əmlak Komitəsini, Əmlak Komitəsi Nazirlər Kabinetini,  ARDNŞ-i də neft quyularının, kommunikasiya xətləri keçən ərazilərin xəritəsini təqdim etməməkdə təqsirləndirirlər. Yəni hər kəs bir-birini suçlu çıxarmağa çalışır, nəticə isə bu olur ki, çıxarışlar ortaya çıxmır. Əhali illərdir “sənədsiz-sübutsuz” yaşamaqda davam edir. Ombudsmanın illik məruzəsində toxunulan məsələ çox ciddidir. Nəzərə alaq ki, çıxarışsız mənizllər, yaşayış binalarının təhvil-təslim aktı olmadan, bütün aidiyyəti qurumların rəsmi razılığı alınmadan istismara verilməsi məsələsi qardaş Türkiyədəki dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. 


Yaşayış binalarının seysmik zonalara uyğun zəlzələyə davamlı tikilib-tikilməməsi sual altındadır. İnşaat zamanı layihə-smeta sənədlərindən kənara çıxılıbmı, binada dirəklər sökülübmü, təhlükəli müdaxilələr varmı, hazırda sakinləri bu suallar düşündürür. Amma mənzillərin bir çoxunun çıxarışının olmaması hüquqi addımların atılmasının da qarşısını alır. Əgər ombudsmanın təklif etdiyi kimi çıxarışsız binalardan mənzil satışına qadağa qoyulursa, bu, nəyi dəyişəcək?       

  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, çıxarış ilk növbədə şəxsin mülkiyyət hüququnu təsdiqləyən rəsmi sənəddir. Mənzilin çıxarışı varsa, vətəndaş onun hüquqi mülkiyyətçisi hesab olunur. Əlbəttə, çıxarışlı mənzil almağı hər kəs istəyər, çünki bu, etibarlılıq, konkret mülkiyyətə sahiblik deməkdir. Amma çox zaman bu, mümkün olmur. 

O səbəbdən ki, tikinti şirkətləri binanın özülü qoyulan andan mənzilləri satışa çıxarırlar. Hələ bilinmir, bina tikiləcək, tikilməyəcək, möhkəmdir, möhkəm deyil, çaxarış veriləcək, ya yox, amma satış başlayır, insanlar da yatırım edir, çünki tikinti şirkətləri inşaat işlərinin davam etməsi üçün maliyyəyə ehtiyac olduğunu deyirlər. İnsanlar da ödəniş edir, təki bina qısa zamanda tikilib istifadəyə verilsin. Çox zaman təbii qaz, su çəkilmədən insanlar yeni binaya köçüb yaşamağa başlayır. Problemlərsə sonradan baş qaldırır. Bu məsələləri biz dəfələrlə qaldırmışıq, bina tamamilə tikilib qurtarmadan, yaşayış üçün hərtərəfli şərait yaradılmadan, təhlükəsizliyinə zəmanət olmadan yaşayışa razılıq verilməsinə qarşı çıxmışıq. Çünki bu, insanlar üçün real təhlükədir. Bəzən binalardan birində yaşayış başlayır, onun yanındaca, binaya bitişik halda başqa bir binanın inşasına başlanılır. Bu o deməkdir ki, işlər tam başa çatmayıb, tikinti yarımçıqdır. Vətəndaşların bu cür təhlükəli vəziyyətdə yeni mənzillərə köçməsinə aidiyyəti qurumlar icazə verməməlidir. Vətəndaşın narahatlığı, tələskənliyi başadüşüləndir. Məlumdur ki, çıxarışlı mənzillərlə çıxarışsız mənzillərin arasında qiymət fərqi olur. Vətəndaş da ucuz başa gəlsin deyə, çıxarışsız mənzillərə üstünlük verir.  

  Ə.Nuriyev qeyd etdi ki, sənədsiz evlər problemi təəssüf ki, həll olunmur: 

- Bir çox səbəblər var. Elə ərazilər var ki, dövlət təyinatlı torpaqlardır, yaşayış üçün yararsız hesab edilir, yaxud yüksək cərəyanlı elektrik xətlərinin altındadır, neftlə çirklənmiş ərazilər də var. Bu məsələ aidiyyətli qurumların birgə səyi ilə həllini tapmalı, hansı ərazilər ki yaşayış üçün yararlıdır, oradakı evlər sənədləşdirilməli, təhlükəli ərazilərdənsə əhali köçürülməlidir. Prosesi sürətləndirmək mümkündür, lakin hələ də ləngimə müşahidə edilir. Mənzillərin çıxarışsız satılmasına qadağa qoyulursa, bu, müəyyən tikinti şirkətlərinin ziyanına olacaq, ümumi nəticə baxımından isə əhalinin təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə təminat əldə ediləcək. Sakin necə binada yaşadığını bilməlidir, bilməlidir ki, bu binada onun təhlükəsizliyinə təminat var, ya yox. Mənzillər çıxarışla satılarsa, vətəndaşın mülkiyyət hüququ təsdiqlənmiş olacaq, daşınmaz əmlakın sığortası da mümkün olacaq, hər hansı bir gözlənilməz hadisə, təbii fəlakət baş verdikdə də, işinə məsuliyyət yanaşanlar, səhlənkarlıq edənlər bilinəcək və cəzalanacaqlar. Hamı bilməlidir ki, mənzillərin çıxarışla satılması, sənədsiz evlərin sənədləşdirilməsi təhlükəsizlik hüquqlarının qorunması baxımından vacibdir.