6 min illik heykəl: ABŞ Türkiyəyə təhvil vermək istəmir

Türkiyənin 6 min illik tarixə malik Ulduz ovçusu -  “Guennol Stargazer” mərmər heykəlciyi ölkəyə geri qaytarmaq üçün qaldırdığı iddia üzrə apelyasiya məhkəməsi bitib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, məhkəmə iddianı təmin etməyib. Məlum əsər Nyu-Yorkda milyonçu Maykl Steynhart və "Christies" Auksion Evi tərəfindən satışa çıxarılıbmış. Türkiyə iddia edir ki, tarixi əsər olan mərmər heykəlcik ölkədən qaçaqmalçılıq yoluyla çıxarılıb. Və 2017-ci ildə Nyu-Yorkda "Christies" Hərrac Evi tərəfindən təşkil olunmuş açıq hərracda 14,5 milyon dollara satılıb.

Lakin Türkiyə hökuməti Mədəniyyət Nazirliyi xətti ilə hərraca etiraz edərək satışın dayandırılması və tarixi əsərin ölkəyə geri qaytarılmasını istəyib. İstək rədd edilincə məhkəməyə müraciət edilib və əsəri satışa çıxaran Makyl Steynhart, həmçinin "Christies" Auksion Evinə qarşı iddia qaldırılıb. Lakin məhkəmə iddiaya müsbət cavab verməyib və Türkiyə əleyhinə qərar çıxarıb. Məhkəmə iddianı qəbul etməməsinin səbəbini Türkiyənin gec müraciət etməsində, heykəlciyin nə zaman satışa çıxarılacağını gözləməklə vaxt itirməkdə görüb. Məhkəmə bu qərara gəlib ki, Türkiyə heykəlcik satışa çıxarılanadək – 2017-ci ilədək iddia qaldırmalı və tələb irəli sürməli idi. 2017-ci ildək heykəlciyin sahibi "Christies" Auksion Evi və M.Steynhart olublar. Dövlət ittihamçısı bildirib ki, Türkiyə heykəlciyin Nyu-Yorkda olduğuna dair məlumatlara malik olsa da, məhkəməyə müraciət etməkdə qərarsızlıq nümayiş etdirib. Ölkənin bu məzmunda qərarsızlığı anlaşılmazdır.

 Məhkəmədə Türkiyə adına vəkillik edən Lorens Kay isə əsərin öz tarixi vətəninə geri qaytarılması üçün ölkəsinin qərarlı olduğunu və bu işdən əl çəkməyəcəyini bildirib:

 “Türkiyə özünə məxsus tarixi əsər üçün sonadək mücadilə aparacaq”. Heykəlciyin məhz Türkiyəyə mənsubluğu 1906-cı ilə aid Osmanlı qərarnaməsinə əsaslanır. Lakin əsəri satışa çıxaranlar onun haradan qaynaqlandığını araşdırmayıb və buna lüzum görməyiblər. 

ABŞ məhkəməsi isə tarixi əsərin Nyu-York Metropolitan Sənət Muzeyində 30 ildir nümayiş olunduğunu, bu barədə bir çox məqalələr yazıldığını, heykəlciyin gizli saxlanmadığını qeyd edib. Məhkəmə Türkiyə əleyhinə qərar versə də, mübahisəli məqamlar heykəlciyin alıcısını bu fikirdən vaz keçməyə sövq edib. 

Bu əsər üçün əvvəlcə 1,5 milyon dollar ödəyən alıcı daha sonra qərarından vaz keçərək heykəlciyi almaqdan imtina edib.