Ramazan ayı bu dəfə qardaş Türkiyə ilə eyni vaxtda başlayır


Vaxt itkisi olmasın deyə, astronomlar riyazi hesablamalara üstünlük verir və təzə Ayın nə zaman doğulacağını elan edirlər
 
  Azərbaycanda müqəddəs Ramazan ayının başlanma tarixinin qardaş Türkiyədə  elan olunan Ramazan tarixi ilə üst-üstə düşməsi böyük sevincə səbəb olub. Anlaşılandır.  Adətən ölkəmizdə həm Ramazan ayının başlanması, həm də sonlanması – Ramazan bayramı Türkiyədən bir gün sonra vaqe olurdu. Bununla belə yüksək tolerantlıq mühitinə malik ölkəmizdə din xadimləri də, dövlət də bütün məzhəbləri nəzərə alaraq Ramazan bayramının həmişə 2 gün qeyd edilməsi barədə qərar veriblər. 

Bu dəfə də eyni yanaşmadır. Din xadimləri isə Ramazan ayı hilalının (təzə ayın) görünüb-görünməməsi mübahisələrinə son qoyulması baxımından 1 və ya 2 gün əvvəldən ehtiyat-vacibə görə oruc tutulmasını məsləhət görüblər. Dinimizdə məcburiyyət olmadığından (Lə ikrahə fid-din - “əl-Bəqərə surəsi 156 ayə) orucluğa cədvəl üzrə və ya 1-2 gün əvvəldən başlamaqda insanlarımız sərbəstdir. Kimsə kimsəni oruc tutmağa və ya tutmamağa məcbur da etmir. Toxunacağımız məsələ isə başqadır. İllərdir Qafqaz Müsəlmanları İdarəsi açıqlanan Ramazan ayı təqviminin məhz Şamaxı Astrofizika Rəsədxanası tərəfindən təqdim olunduğunu, təzə ayın hilalının Bakı üfüqü ilə nə zaman görünəcəyinin də məhz Rəsədxananın hesablamaları ilə qeyd edildiyini bildirir. Bu il də həmçinin.  Bildirilib ki, miladi təqvimlə 2023-cü il Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayının 23-də olacaq. Aprelin 21 və 22-si Ramazan bayramıdır. 

Dünənədək Şamaxı Rəsədxanasına inanmayanlar indi niyə inanır, maraqlıdır. Bəlkə, həqiqətən də, əvvəlki illərdə ayın başlanmasını Rəsədxana təyin etməyib, QMİ özü göyə baxırmış? Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səlahiyyətli şəxs olaraq çalışmış, astrofizik, fəlsəfə elmləri doktoru Xıdır Mikayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Ramazan ayının dəqiq nə zaman başlanmasıyla bağlı mübahisələr həmişə olub: 

- Buna səbəb odur ki, bir qisim din xadimi "Qurani-Kərim"dəki “təzə ayı görüb oruc tutun, təzə ayı görüb bayram edin”, ayəsinə əsaslanaraq təzə ayın – hilalın gözlə görünməsində israr edir. Bir qisim din xadimi isə təzə ayın görünməsinin yalnız 1-2 gün fərqlə mümkün olduğunu əsas gətirərək astronomik hesablamalara uyğun davranılmasını daha məqbul sayırlar. Mən Rəsədxanada çalışdığım illərdə Qafqaz Müsəlmanları İdarəsinin tələbi bu idi ki, hilalın görünəcəyi vaxtı bildirək və Ramazan ayının başlanması həmin gündən hesablansın. Təzə ay ilk günlər heç vaxt görünmür. Təzə ay nədir? Yer, Ay və Günəş planetləri 1 düz xətt üzərində dayandıqda ona təzə ay deyilir. Ayın özünün işığı yoxdur. Ayı işıqlandıran Günəşdir. Nə vaxt ki Günəşin şüası Ayın üzərinə düşür, Ay o zaman işıqlanır və görünür. Şamaxı Rəsədxanasında dəqiq hesablama aparılır, hətta saniyəsinə qədər, yeni ay nə zaman “doğacaq”. Əslində, təzə ay var, lakin görünmür. Ayın doğuşunun sıfırıncı günü var, bir də var 1-2 gün sonra görünən Ay. Fərqli coğrafi enliklərdə Ayın görünməsi də fərqli zamanlara təsadüf edir. Ən azından 1-2 gün keçməlidir ki, təzə Ay görünsün. Vaxt itkisi olmasın deyə, astronomlar riyazi hesablamalara üstünlük verir və təzə Ayın nə zaman doğulacağını elan edirlər. Bu, Ayın konfiqurasiyasından asılıdır. Hesab edirəm ki, bu, daha düzgün yanaşmadır. Çünki Ayın gözlə görünməsini oturub gözləmək doğru olmaz. Bəlkə bulud oldu, heç ay görünmədi?..  Türkiyədə də Ramazan ayının başlanmasında astronomların rəyinə əsaslanır, astronomik təqvimə uyğun davranırlar.  
X.Mikayılov Rəsədxana alimlərinin əməyinin heçə sayılmasından narahatlığını ifadə etdi:
 - Biz həmişə doğru hesablama aparmışıq, Rəsədxana astrofiziklərinin hesablamaları əsasında Azərbaycanda Ramazan ayının başlanma və başa çatma vaxtları müəyyən edilib. Bu, bəzən Türkiyə ilə üst-üstə düşüb, bəzən İranla. Başqa fikirlərə düşmək, Rəsədxana alimlərinin haqqını tapdalamaq olar.