Bakıda attraksionlar yoxlamadan keçir


Lakin bu, əyləncə mərkəzlərinə cavabdeh olan qurumları və valideynləri məsuliyyətdən azad etmir

  Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. FHN-in məlumatında qeyd edilir ki, agentlik yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib. Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir. Diqqətə çatdırılır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir. Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur. Həmçinin həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir. 
  Yay fəslinin özünəməxsus çətinlikləri, problemləri və təhlükələri var. Havaların isti keçməsi təkcə günvurma, qida zəhərlənməsi, mədə-bağırsaq sistemi pozğunluğu təhlükəsi daşımır. Eyni zamanda fiziki sağlamlıq üçün də yetəri qədər təhlükələr var. Bu da əsasən çimərliklər, istirahət mərkəzləri və oradakı attraksionlardır. Təbiidir ki, yay mövsümü boyunca əhali çimərliklərə, istirahət mərkəzlərinə, Dənizkənarı Milli Parka, eləcə də paytaxt ərazisindəki istirahət parklarına daha çox axışır.  Uşaqların ən çox sevdiyi və can atdığı isə attraksionlar, parklarda quraşdırılmış yelləncəklər, müxtəlif formalı əyləncə vasitələri, sürüşkənlərdir. Bunlar hamısı yaxşıdır, uşaqların əylənməsi, oynaması üçündür. Yaxşı olmayan, bu oyun, əylənmə vasitələrinin bəzən nasaz vəziyyətə düşməsi və uşaqların həyatı, sağlamlığı üçün təhlükəli hal almasıdır. Sözügedən agentliyin ictimai yerlərdə quraşdırılmış attraksionlarla bağlı nəzarət-yoxlama tədbirləri keçirməsi müsbətdir. Amma agentlik bu kimi tədbirləri ölkə ərazisindəki bütün attarksionlarda icra edə bilirmi? 







  Məsələ ilə bağlı “Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, agentlik üzərinə düşən vəzifəni yerinə yetirir. Lakin bu, attraksionlara cavabdeh olan qurumları və valideynləri məsuliyyətdən azad etmir: 
"Agentlik mövsümi yoxlamalar keçirir. Attraksionların daim saz vəziyyətdə olmasını isə onlara birbaşa cavabdehlik daşıyan şəxslər təmin etməlidir. Paytaxtdakı istirahət parklarında quraşdırılmış attraksionlar, əyləncə qurğularına  yerli orqanlar nəzarət etməlidir. Attraksionlarla bağlı dəyişməz tələb bundan ibarətdir ki, onlar hər gün, istismara başlanmadan əvvəl sınaqdan keçirilməli, yoxlanış dövrəsi icra edilməlidir. İstehlakçı attraksiondan istifadə etməzdən öncə, onun sınaq - yoxlanış hərəkəti icra olunmalıdır. Bu zaman attarksionun düzgün hərəkət edib etmədiyi, nasaz olub-olmadığı müəyyənləşməlidir, yalnız bundan sonra istehlakçıya ondan istifadə etməyə icazə verilməlidir. Attraksionlarla bağlı ehtiyatlı olmaq lazımdır. Uzun illər fəaliyyət göstərən yelləncəklər, digər qurğular nasaz vəziyyətdə ola bilər. Valideynlər isə bu məsələdə çox diqqətli olmalıdır. Uşaqları attraksionlara təkbaşına buraxmaq olmaz. Uşaqdı, yanlış hərəkət edə bilər, yıxılar, əzilər, ciddi xəsarət alar. Ümumiyyətlə, necə ki, filmlərin nümayişində yaş məhdudiyyəti tətbiq edilir, hesab edirəm ki, attraksionlarla bağlı da yaş senzi olmalıdır. Hansı attraksiona neçə yaşından yuxarı və ya aşağı uşaqlar buraxıla bilər, qeyd edilməlidir. Elə attraksionlar var ki, böyüklərin nəfəsi kəsilir, nəinki uşaqların. Belə attraksionlar uşaqlar üçün deyil. Bəzən uşaqlar yelləncəkdə də qorxur, həyəcanlanır. Stres keçirən, həyəcandan, qorxudan dili tutulan uşaqlar olur. Valideynlər bu məsələlərə diqqətlə, məsuliyyətlə yanaşmalıdır. Küyə düşüb uşağı təhlükəli, insanın bağrını yaran attraksionlara mindirmək lazım deyil. Belə yerlərdə həm fiziki, həm də psixi sağlamlığın zədələnməsi təhlükəsi ola bilər".