Tarix Muzeyində eksponatlar nə zaman və hansılar nümayiş olunacaq? -AÇIQLAMA

Muzeydə milli-azadlıq hərəkatına aid eksponatlar azdır
Fərhad Cabbarov: “Ədalət Tahirzadə və Mirmahmud Mirəlioğlu kimi ziyalılarımız sağ olsunlar, sahib olduqları, qoruyub saxladıqları həmin məlum əşyaları eksponat olaraq muzeyə hədiyyə etdilər”

Milli Azərbaycan Tarixi Muzeyinə sabiq prezident, Milli-azadlıq hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin əlyazması olan tərcümeyi-halı, xarici pasportu, Gültəkin ananın tikdiyi və 17 noyabr 1988-ci ildə Azadlıq meydanında ilk dəfə ucaldılan üçrəngli dövlət bayrağımızın hədiyyə edilməsi cəmiyyətdə böyük maraqla qarşılanıb və təqdir edilir. Qeyd edək ki, eksponatların təqdim edilməsi haqqında məlumatı muzeyin elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Fərhad Cabbarov sosial şəbəkədə paylaşdıqdan sonra xeyli müsbət rəylər alınıb. F.Cabbarov məlumatda qeyd edib ki, eksponatlar professor Ədalət Tahirzadə və Klassik Xalq Cəbhəsi Partiyasının başqanı, istiqlalçı millət vəkili Mirmahmud Mirəlioğlu tərəfindən muzeyə hədiyyə edilib, qonaqlarla səmimi ortamda görüş olub: “Hər üç materialın unikal tarixi əhəmiyyəti, dəyəri var. Bizə etimad göstərdiklərinə, görüş zamanı ünvanımıza deyilən xeyli xoş sözlərə görə hər iki ziyalımıza təşəkkür edirik. Tariximizə və tarixi şəxsiyyətlərimizə daim hörmətlə!”. 
Eksponatlar nə zaman nümayiş olunacaq və müstəqilliyimizə doğru aparan illərə aid daha hansı eksponatları görə biləcəyik? 
Fərhad Cabbarov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, eksponatların nümayişinə hazırlıq görülür: 
"Hazırda muzeyin tarix hissəsinin uzun fasilədən sonra açılışına hazırlıq gedir. Xatırladım ki, uzun müddət idi muzeyin yalnız Hacı Zeynalabdin Tağıyevə aid hissəsi fəaliyyət göstərirdi. Muzeyin Tarix hissəsinin tamamlanmasına da artıq az qalır. Bu hissə də açılacaq və Azərbaycan tarixinin müasir dövrədək olan hissəsini əks etdirən ekspozisiyalar nümayiş olunacaq. Muzeyin Tarix hissəsinin açılması və ekspozisiyaların nümayişini qərara aldıqda, baxdıq ki, Azərbaycanın yeni dövr istiqlal tarixinə, milli-azadlıq hərəkatına aid eksponatlar azdır. Ona görə də o dövrdə meydanlarda olmuş milli-azadlıq hərəkatının aktiv iştirakçılarına, ziyalılarımıza müraciət etdik və başladıq eksponatlar toplamağa. O cümlədən Ədalət Tahirzadəyə də müraciət etdik. O da sağ olsun, təklif etdi ki, Mirmahmud Mirəlioğluna da müraciət edək, onda müəyyən əşyalar ola bilər. Hər iki dəyərli ziyalımız da sağ olsunlar, sahib olduqları, qoruyub saxladıqları həmin məlum əşyaları  eksponat olaraq muzeyə hədiyyə etdilər. Əlbəttə ki, bu eksponatları əldə etməkdə məqsəd onları nümayiş etdirməkdir. Hər 3 eksponat milli-azadlıq hərəkatının dəyərli elementləridir. Belə bir istəyimiz var ki, Naxçıvan Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında Naxçıvan Ali Məclisin qərarının surətini də bizə göndərsinlər. Bunun üçün Naxçıvan Muxtar Respublikasına aidiyyəti üzrə maraciət etmişik. 
F.Cabbarov bildirdi ki, milli-azadlıq hərəkatı və 1988-92-ci illəri əhatə edən dövrə aid eksponatları tapmaq nə qədər çətin olsa da, muzeyin əməkdaşları səy göstərir: 
" Başqa dəyərli eksponatlaırmız da var. 1991-92-ci illərdə ilk milli hərbi hissəmizdə qaldırılmış dövlət bayrağı da muzeydədir və o bayraq da nümayiş olunacaq. Milli-azadlıq hərəkatı və Birinci Qarabağ müharibəsi dövrünü əhatə edən ayrıca ekspozisiya zalları olacaq. Milli qəhrəmanlarımız, şəhidlərimizlə bağlı eksponatlar sərgilənəcək". 
F.Cabbarov bildirdi ki, Tarix Muzeyinin məhz bu bölümünün ziyarətə açılması yay mövsümünün sonu, payızın əvvəlinə planlaşdırılır