Məktəbdə “Son zəng” oldu, bitdi! 

Sonrakı tədbirlər qəbuledilməzdir və olmamalıdır

Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbirləri haqqında əmr imzalayıb. Əmrə əsasən, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

Bu məzmunlu qərarlar hər tədris ilinin sonunda imzalanır. Qərara baxan kimdi?!. Buraxılış sinifləri, təkcə onlar da deyil, ümumiyyətlə məktəblilər məktəbdənkənar qərarları özləri verir, valideynləri və müəllimləri ilə birgə. Bəs axşam restoran “bağlatdırmalar”, filan hardan peyda olur, sizcə?!. Bu işdə də yenə baş rolda  valideynlərdi. “Aa... balam “11”i bitirir, qeyd etməyəcəyik?!” deyə qaşını göyə qaldırıb gözlərini süzdürən, dodağını da büzən anaları yoxsa heç görməmisiniz?! Bu il də fərqli bir şey olmayacaq. Nazirin qərarı nimdaşlaşdıqca, məktəblilərin qərarları yeni-yeni çalarlar qazanır. Bahalı restoranlar, bahalı menyular, şəhərkənarı gəzintilər, uzaq məsafələrə turlar... Sonu xeyirli olsun, təki. Kimsənin xoş günü qara gəlməsin. Lakin, amma... Bədbəxt hadisələrsiz də ötüşmür “Son zəng” günü. 
 
Təhsil eksperti Kamran Əsədov məhz bədbəxt hadisələr önlənsin deyə “Son zəng” tədbirlərinin məktəbdən kənar hissəsinin qəti əleyhinədir: 

- Hər il olduğu kimi bu il də orta ümumtəhsil məktəblərini minlərlə şagird bitirir. 80 min məzunumuz olacaq. Hər il də “Son zəng”  tədbirlərinin məktəbdənkənar hissəsində xoşagəlməz, bədbəxt hadisələrin şahidi oluruq. Valideynlər övladları üçün restoran sifariş edir, bəziləri şəxsi avtomobillərini övladlarına “hədiyyə” edir, nəticədə bədbəxt hadisələr baş verir. Ötən illərdə də bu cür faciəli hadisələr olub, orta məktəbi əla qiymətlərlə bitirmiş bir neçə  şagird avtomobil qəzasında həlak oldular. Belə faciəli hadisələr baş verməsin, övladlarımız “Son zəng”in qurbanı olmasın deyə, Nazirliyin qərarına ciddi şəkildə riayət edilməlidir. Məktəblilər elə zənn edir ki, “Son zəng” çalındısa, artıq məktəbli deyillər, özləri sərbəst qərar verə bilər, hara istəsələr gedərlər. Xeyr, məktəbli orta ümumtəhsil məktəbini bitirməsi haqqında attestatı alanadək məktəblidir və məktəbin tabeliyindədir. Məktəb də onlara görə məsuliyyət daşıyır. Hesab edirəm ki, “Son zəng”lə bağlı sadəcə, tövsiyə xarakterli qərarlar verilməməlidir, həm də ciddi qadağalar qoyulmalıdır. Çünki xoşluqla bunun qarşısını almaq olmur. Biz “Son zəng” tədbirlərinin məktəbdən kənardakı hissəsinə qarşı birmənalı şəkildə mübarizə aparmalıyıq və bu cür tədbirlərə qəti icazə verilməməlidir. Məktəbdə “Son zəng” oldu, bitdi! Sonrakı tədbirlər qəbuledilməzdir və olmamalıdır. Burada valideynlər böyük məsuliyyət daşıyır və adətən məhz valideynlər “Son zəng”in məktəbdən kənarda keçiriləcək mərasimlərinin əsas təşkilatçıları olurlar. Amma bir bədbəxt hadisə baş verəndə müəlllim, məktəb direktoru məsuliyyətə cəlb olunur, valideynsə qalır kənarda.