Pulsuz çimərliklər istifadəyə veriləcək

Əhalinin aztəminatlı hissəsi bunu çoxdan gözləyirdi

Eyyub Hüseynov: “Bu o deməkdir ki, Xəzər dənizi sahili boyunca böyük bir məsafədə təmizlik işləri aparılıb, ekoloji mühit normallaşıb”

Paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində ictimai çimərliklər – ödənişsiz, pulsuz çimərliklər istifadəyə veriləcək. Əhalinin aztəminatlı hissəsi bunu çoxdan gözləyirdi. İctimai çimərliklər İDEA İcitmai Birliyinin təşəbbüsü və dəstəyi ilə yaradılıb.  İndiyədək baxımsız vəziyyətdə olan sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib. Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinləri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub. Bu il həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Qeyd edək ki, bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılıb və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib. İctimai çimərliklərin istifadəyə verilməsi xəbərini paylaşan IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayıb, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühitin təmizliyinə riayət etməyə çağırıb.
  
Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında ictimai çimərliklərin istifadəyə verilməsini alqışladığını dedi: 

- Bu, çox yaxşı xəbərdir. Məlumdur ki, sahilyanı zonalarda ödənişli çimərliklər çoxdur. Ödənişli çimərliklərdən heç də hamı istifadə edə bilmir. Avtomobillərin dayanacaqda saxlanmasına da pul alırlar, çətirlər, oturacaqlar üçün də. Halbuki bunlar çimərliyin vacib elementləri hesab edilir. İndi ictimai çimərliklər istifadəyə verilirsə, əlbəttə, bu, sevindiricidir. İctimai çimərliklər dünənədək ən çirkli hesab edilən, ekoloji çirklənməyə məruz qalmış ərazilərdə açılır. Bu o deməkdir ki, Xəzər dənizi sahili boyunca böyük bir məsafədə təmizlik işləri aparılıb, ekoloji mühit normallaşıb. Həm ekoloji mühitin normallaşması, dənizin təmizlənməsi, həm də əhalinin çimərliklərdən pulsuz istifadə etməsi ictimai məmnunluq yaradan haldır.