Nəzarətsiz attraksionlar hər vaxt can ala bilər 

Bəlkə qadın özü təhlükəsizliyə riayət etməyib, yanlış hərəkətlər edib və yıxılıb

“Attraksionlardan ən çox uşaqlar istifadə edir. Elə attraksionlar var ki, ondan uşaqların valideynsiz istifadə etməsi qəti qadağandır”

  Xırdalanda qadının parkda attraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanıb. Baş prokurorluğun məlumatında bildirilir ki, iyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq tədbirləri davam edir.
 
Xatırladaq ki, bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yay fəsli ilə əlaqədar insanların müxtəlif məkanlarda kütləvi şəkildə istifadə edəcəyi attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə nəzarət-yoxlama tədbirləri keçirirdi. Agentliyin məlumatında bildirilirdi ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir. 
  
Məlumdur ki, yay mövsümü boyunca əhali çimərliklərə, istirahət mərkəzlərinə, Dənizkənarı Milli Parka, eləcə də paytaxt ərazisindəki istirahət parklarına daha çox axışır. Uşaqların ən çox sevdiyi və can atdığı isə attraksionlar, parklarda quraşdırılmış yelləncəklər, müxtəlif formalı əyləncə vasitələridir. Belə olan halda bu əyləncə vasitələrinin saz vəziyyətdə olması ən mühüm şərtdir. Xırdalandakı əyləncə parkında gənc qadının attraksiondan yıxılaraq ağır xəsarət alması və həyatını itirməsi, bu sahədə problemlərin qaldığını göstərir. 
  
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşməyincə, konkret fikir bildirmək doğru olmaz: 

- Hazırda istintaq gedir. İstintaq nəticəsində qadının niyə, hansı səbəbdən attraksiondan yıxıldığı dəqiqləşməlidir.  Bəlkə qadın özü təhlükəsizliyə riayət etməyib, yanlış hərəkətlər edib və yıxılıb. Bəlkə də attraksionda hansısa nasazlıq olub. Bunlar bilinməlidir ki, hadisənin başvermə səbəbi də müəyyənləşsin. Kimin günahkar olduğu bilinsin. 
 
 E.Nurəliyev bununla yanaşı, attraksionlarda təhlükəsizlik tədbirlərinin ən üst səviyyədə icra edilməli olduğunu da vurğuladı: 

- Attraksionlara ciddi nəzarət olmalıdır və müntəzəm yoxlanışdan keçirilməlidir. Attraksionlardan ən çox uşaqlar istifadə edir. Elə attraksionlar var ki, ondan   uşaqların valideynsiz istifadə etməsi qəti qadağandır. Valideyn uşaqla birlikdə olmalıdır. “Şeytan çarxı” belə attraksion idi. Ora uşaqların təkbaşına, valideynsiz minməsinə icazə verilmirdi. Amma elə attraksionlar da var ki, daha az təhlükəlidir, hansılar ki, sakit fırlanır, sürət aşağıdır. Yenə də istənilən halda uşaqlara böyüklər nəzarət etməlidir. Ən yaxşısı budur ki, valideyn uşaqla birlikdə attraksiondan isitfadə etsin.  Və övladını yanlış hərəkətlər etməkdən qorusun. Bəzən uşaqlar da şıltaqlıq edir, attraksionda qalxıb-əyləşirlər, müxtəlif lazımsız, yersiz hərəkətlər edirlər. Böyüklər də bu cür səhvlər edir. Təəssüf ki, bəzən belə hallar faciələrlə bitir. Ümumiyyətlə, bütün attraksionlarda yaş məhdudiyyəti qeyd edilməli, nəzarətçilər qaydaların pozulmasının qarşısını almalıdırlar. Ciddi nəzarət olmalıdır, həm attraksionların texniki vəziyyətinə, həm də istifadəçilərin qaydalara riayət etməsinə.