“Meyxəbər” lağa qoyuldu

Televiziyaların belə ucuz şoulara getməsi heç yaxşı hal deyil
“Problem bu məhdud çərçivəli janrın ictimaiyyət arasında təbliğ olunması, getdikcə yayılmasıdır”


 Dahi Üzeyir bəyin “Biz necә iş görürük?” adlı felyetonu var. Bilənlər çoxdu. Bilməyənlər də var. Bilməyənlər və ya unudanlar üçün məzmununu qısaca ərz edək. Üzeyir bəy xalq olaraq baş-ayaq işlər görməyimizi irad tutaraq yazır ki, qonşularımız fil düzəldəndə ayılırıq. Halbuki qonşularımız filə qədər bir çox digər  “canlılar”ı da düzəldib artıq. Biz birdən-birə fildən başlayırıq, o da alınmayanda, geri qayıtmağa – kiçik canlıları düzəltməyə başlayırıq. Beləcə, zaman keçir, qonşularımız yenə bizdən öndə gedir. Üzeyir bəyin bu məşhur felyetonunu bilməyənlər və ya unudanlar dedikdə, həm də televiziya rəhbərlərini nəzərdə tuturuq. Niyə? Çünki yerli televiziyalarımızın rəhbərləri, tv-proqram siyasətini yürüdənlər, buna cavabdeh olanların iş prinsipi “qonşudan qalma dala”dır. Amma ki hər vaxt qonşuların ardınca qaçdıqlarından geri qalırlar. Onlar bizim tv-lərdən çox irəlidədirlər çünki. Belə bir “geridəqalma” hazırda “Space” televiziyasında yaşanır (digər tv-lər heç də istisna-filan deyil). Adını çəkdiyimiz  kanal “Meyxəbər” verilişini efirə gətirib. Verilən məlumata görə, verilişin aparııcıları meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnudur. Aparıcı meyxanaçılar Azərbaycan və dünyada baş verən xəbərləri müzakirə edir, şərh verir, fikir bildirirlər. Lakin sözügedən simaların bu cür verilişdə yer alması birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri meyxana ustalarının türkiyəli populyar müğənni Aleyna Tilkidən danışması, Hollivud “ulduzu” Al Paçinonun 83 yaşında ata olması barədə xəbəri müzakirəyə çıxarıb lağa qoymalarını, bu məsələyə şərh vermələrini tənqid ediblər. Üzeyir bəyin felyetonunu nahaq xatırlatmadıq. Bu tip verilişlər illərdir dünya tv-lərində, o cümlədən də Türkiyə tv-kanallarında yayımlanır. Türkiyənin “Kanal D”sində  belə bir proqram var; “Neler oluyor hayatda”. Proqramın aparıcıları Hakan Ural və Nur Tuğba Namlı günün mövzulaını, baş vermiş diqqətçəkən hadisələri müzakirə edirlər.  Bu tip verilişlər çoxdur. Az qala, hər tv-kanalda var. Yəni “Space”dəki “Meyxəbər” yeni layihə, yeni təqdimat deyil. Bu, qonşudan qalma geri prinsipi ilə fəaliyyətdir və tamaşaçı belə verilişləri artıq görüb. Veriliş niyə məhz meyxanaçılara həvalə edilib? Bizcə bu sual üzərində də düşünülməlidir. Tv-lərdə bayağı mahnılar, Azərbaycan milli musiqisinə yad elementlərin təbliğ edilməsi uzun zamandır tənqid edilir, hətta Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnıların monitorinqini də apararaq özündə yad elementlər daşıyan, milli əxlaqi-estetik zövqə uyğun gəlməyən mahnıların siyahısını tərtib edərək ictimaiyyətə açıqladı. Həmin siyahıda meyxana janrında yazılmış və ifa edilən bir çox mahnıların və ifaçıların adları yer alır. Meyxana janrının ölkədə dominant şəkil almasına Milli Məclisdə də etirazlar səslənib, millət vəkilləri iradlar bildiriblər.  Belə çıxır ki, səslənən iradlar “milçək vızıltısıdır”, Dil Komissiyasının rəyi də kağız üstə qalmış mürəkkəb?! Meyxanaçılara tv-proqram aparıcılığının həvalə edilməsində məqsəd bəllidir. Cəmiyyətdə getdikcə üstünlük qazanan janr və onun ifaçıları hesabına “xəzinə”ni doldurmaq. Gəlir əldə etmək qanun pozuntusu deyil. Amma baxır o gəlir, hardan gəlir. 4 meyxanaçını efirə çıxarıb günün mövzularını, həm də bizə aşağı-yuxarı aidiyyəti olmayan mövzuları müzakirəyə çıxarmağın adı, xalqın mənəvi dəyərlərinin üzərindən adlayaraq ucuz yolla kapital toplamaqdır. Aleyna Tilki və ya Al Paçinonun 83 yaşında müəmmalı atalığı bizə çoxmu lazımdır? Bu, sosial şəbəkə deyil ki, biri baxanda, biri baxmasın, görməsin. “əşşi, internetdi də, "tiktokdu da" deyib əl yelləsinlər, ciddi qəbul etməsinlər. “Space” TV, hər halda televiziya ənənələri olan kanaldır. Belə ucuz şoulara gedilməsi heç yaxşı hal deyil. Bir də ki, yüksək intellekt sahibi olan yeni rəhbərliyin belə ucuz şoulara yol açması da təəssüf doğurur.
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, bu cür neqativ hallar müəyyən bir qrupun öz şəxsi maraqlarını təmin etməyə çalışması hesabına baş verir: 
" Onları ora dəvət edən var. Görürlər ki, hazırda meyxana populyarlaşıb, meyxana ifaçılarına veriliş aparıcılığı təklif edib, tamaşaçı auditoriyasını genişləndirmək, bəyənmə sayı toplamaq və qazanc əldə etmək istəyirlər. Meyxana ifaçıları da təbii ki, həvəslə razılaşır, onların da marağındadır ki, müxtəlif üslublu layihələrdə iştirak etsinlər, daha da populyarlaşsınlar, toylara dəvət alsınlar. Bu, onların reklamına xidmət edir. Gəlin belə danışaq; meyxanaya qadağa qoya bilmərik. İstəsək də, bunu edə bilmərik. Meyxananın öz yeri, öz dinləyici auditoriyası, sevənləri var. Problem  bu məhdud çərçivəli janrın ictimaiyyət arasında təbliğ olunması, getdikcə yayılmasıdır. O dərəcədə ki, hətta buraxılış siniflərinin “Son zəng”ində də meyxana üslubunda mahnılar səslənir, “oğru dünyası”na aid mahnılar ifa edilir.  Bunun günahkarı birbaşa Elm və Təhsil Nazirliyidir. Nazirlik işini düzgün qura bilmir, məktəblilərin estetik zövqünün formalaşması üçün ciddi iş aparmır. Bu öz yerində. Musiqilərə gəlincə, ümumiyyətlə, bütün musiqilər mahiyyət etibarilə insanın daxili aləminin kodlaşmasına təsir edir. Əgər biz yeniyetmələrin, gənclərin daxili aləminin  zənginləşməsini, estetik zövqünün formalaşmasını və məhz milli, vətənpərvər  zəmində formalaşmasını istəyiriksə, meyxana burada heç sonuncu vasitə rolunu da oynamır. Çünki bu janrın özü məhdud çərçivəli, inkişafı olmayan, yerində sayan, yad elementləri özündə daşıyan, estetik baxımdan zəif bir janrdır. Bizə milli hissləri, milli duyğuları, vətənpərvərliyi artıracaq musiqilər, mahnılar lazımdır. Meyxana isə bu vəzifənin öhdəsindən gələ bilməz. Siz baxmayın, meyxana ifaçıları hərdən ölkədən, Qarabağdan, 44 günlük Vətən müharibəsindən oxuyur. Bunlar,  “biz də bunlardan oxuyuruq”, deyib iradlara qarşı durmaq üçündür. Meyxanalar həmişə bayağı, məişət mövzularına köklənir. Sosial şəbəkələrdə yayılır videolar, məlum olur ki, meyxanalarda narkotik maddələr də bəzən təbliğ olunur, aqressiya, zorakılıq, üzr istəyirəm, hətta söyüş də səslənir. Meyxana  əxlaqi-tərbiyəvi baxımdan, milli-estetik zövq baxımından da gəncliyə müsbət nəsə ötürə bilmir. Hesab edirəm ki, bu məsələylə bağlı mütəxəssislər rəy bildirməli və problemə ciddi yanaşmalıdırlar".