"Şahdağ Turizm Mərkəzi" niyə zərərlə işləyib?

Məlum arayış turizm mərkəzi tərəfindən təqdim edildiyindən şəffaflığa şübhə yaradır
“Rəqabət mühitinin qeyri-elastik olması da qış turizminin inkişafını zəiflədir. Başqa bir səbəb idarəetmədəki səhvlər ola bilər”

  Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8,688 milyon manat zərərlə başa vurub. “Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 37 faiz çoxdur. Son nəticədə dövlət şirkətinin yığılmış zərəri 9,8 faiz artaraq 97,177 milyon manata çatıb.  Bu il yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 302,204 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 faiz azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 37,3 faiz azalaraq 1,874 milyon manata, balans kapitalı isə 2,8 faiz azalaraq 300,33 milyon manata düşüb. Xatırladılır ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 397,507 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
  “Şahdağ Turizm Mərkəzi”nin ziyanla işləməsinin səbəblərini müəyyən etməyə çalışan iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bir neçə amil göstərdi: 
"Əvvəla, yayımlanan məlumat turizm mərkəzinin gəlirlər, zərərlər barədə özünün təqdim etdiyi arayışdır.  Gərək əlimizdə konkret audit sənədləri olsun ki, zərərin harada, necə yarandığını müəyyən edə bilək. Bunlar yoxdur və məlum arayış turizm mərkəzi tərəfindən təqdim edildiyindən şəffaflığa şübhə yaradır. Digər tərəfdən, “Şahdağ”ın fəaliyyəti əsas qış ayları üçün nəzərdə tutulub. Bizdə isə qış çox qısa və hava şəraitindən asılıdır. Qış turizmi isə həm də bu şərtlərə  bağlıdır. Digər səbəblər arasında əlbəttə ki, xidmətlərin bahalığı, quru sərhədlərinin hələ də bağlı saxlanması, qonşu Gürcüstanda, Rusiyada qış turizmi obyektlərinin, istirahət zonalarının güclü rəqabət mühiti yaratmasıdır. Yəni turist daha ucuz məkanları qoyub, niyə qiyməti baha olana getsin ki! Rəqabət mühitinin qeyri-elastik olması da qış turizminin inkişafını zəiflədir. Başqa bir səbəb idarəetmədəki səhvlər ola bilər. İdarəetmədə də elastiklik vacibdir. Əks halda ziyanın artması yenə müşahidə ediləcək.