Dəniz nəqliyyatı yaradıla bilər?  - Tıxac dərdinin çarəsi...

Azərbaycanda dəniz nəqliyyatı günün mövzusu olmalıdır
Bakıətrafı qəsəbələrə, kəndlərə dəniz nəqliyyatının təşkili şəhərdə tıxacların aradan qaldırılmasına çox böyük kömək edər
“Təəssüf ki, illərdir, bu məsələ müzakirə edilir, deyilir, təkliflər səslənir, amma real nəticə yoxdur”

  Azərbaycanda dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı artıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2023-cü ilin yanvar-may aylarında dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 8,6 min nəfər olub. Bu isə ötən ilin  müvafiq dövrünə nisbətən 26,5 faiz artım deməkdir. Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 3575,8 min ton təşkil edib və bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz artımdır.  
  Ekspertlər hesab edir ki, dəniz nəqliyyatı ilə daşınmalarda artım müşahidə edilməsi dəniz nəqliyyatının inkişafına təkan verən amildir. Nəqliyyat məsələləri üzrə ekspert, sosioloq İlqar Hüseynli “Sherg.az"a açıqlamasında bildirib ki, insanların dəniz nəqliyyatına üstünlük verməsi müsbət tendensiyadır: 
"Biz illərdir ki, paytaxtdakı tıxac probemindən danışırıq, müzakirələr aparılır, rəylər, təkliflər səslənir, müxtəlif proqramlar, layihələr icra olunur, amma bu problem həllini tapmır. Doğrudur, DSK-nin açıqladığı rəqəmlər bilavasitə şəhər nəqliyyatına aid deyil. Bu rəqəmlər dəniz limanından qonşu ölkələrə gedən, səyahət edən sərnişinlərə aiddir. Azərbaycanın Rusiya və Türkmənistanla birbaşa dəniz sərhədi var. Və dəniz nəqliyyatından istifadə edənlər əvvəlcə bu ölkələrə, sonra da quru yolla Orta Asiyanın digər respublikalarına da hərəkət edə bilirlər. Bu, xarici gediş-gəlişlərdir. Bir də var, ölkə daxilində, sərnişin daşınmasında dəniz nəqliyyatından istifadə etmək. Bunun örnəyi, nümunəsi və təcrübəsi Avropa ölkələrində, o cümlədən qardaş Türkiyədə var. Orda bilirsiz ki, böyük, kiçikhəcmli gəmilər, vapurlar işləyir və sərnişinlər liman şəhərlərinə, İstanbulun Anadolu  hissəsindən Avropa hissəsinə hərəkət edirlər. Dəniz nəqliyyatı çox sərfəli, ekoloji cəhətdən də faydalıdır. Bizdə də bunu təşkil etmək olar, lap elə Türkiyə təcrübəsindən istifadə etməklə. Xüsusən də Bakıətrafı qəsəbələr, kəndlərə dəniz nəqliyyatının təşkili şəhərdə tıxacların aradan qaldırılmasına çox böyük kömək edər. Təəssüf ki, illərdir, bu məsələ müzakirə edilir, deyilir, təkliflər səslənir, amma real nəticə yoxdur".
  İ.Hüseynli qeyd etdi ki, dəniz nəqliyyatı həmişə maraqlı, cazibədar olub: 
"İnsanlar gəmi ilə səyahət etməyi sevir. Turizmin kruiz növü həmişə populyar olub. Bir gəmi ilə bir neçə ölkəyə səfər etmək həm sərfəlidir, həm də maraqlı. Ümumiyyətlə, gəmi səyahəti digər heç bir səyahət növü ilə müqayisəyəgəlməz dərəcədə gözəldir, rahatdır. Bu səyahət növü də bizdə hələ ki reallaşmayıb. Rusiyanın cənub şəhərlərinə, Xəzəryanı dövlətlərə dəniz turları təşkil etmək olar. İnsanlar bunu xoşlayacaq, təkliflər çoxalacaq. Kruiz səyahətinin üstünlükləri çoxdur. Bu, böyük gəlir gətirən sahədir.  Xəzəryanı ölkələrlə kruiz əlaqələrinin qurulması, gəmi ilə səyahət marşrutlarının açılması turizm sahəsinin inkişafına xidmət edər. Ölkə daxilində də həm ictimai nəqliyyatda, sərnişindaşmada, həm də səyahət, gəzinti baxımından şimal, cənub bölgələrimizə, eləcə də Bakıətrafı qəsəbələrə nəqliyyat və turizm marşrutları təşkil etmək olar".