Xankəndidə heç vaxt 120 min erməni yaşamayıb - MÜSAHİBƏ

“Azərbaycanlı əhalisi hamısı bir nəfər kimi doğma şəhərə qayıdacaq”

Həvva Məmmədova: “Xankəndidən zorla çıxarılmış azərbaycanlıların hazırda statistikası ortaya qoyulsa, ermənilər bu rəqəmlər qarşısında məhv olar”

  “Torpağın kimə məxsus olmasının, Vətənini, doğma yurdunu insanın nə qədər çox sevməsinin, hansı dərəcədə bağlı olmasının ən böyük, təkzibolunmaz sübutu insanların öz yurdunu hansı formada, hansı vəziyyətdə tərk etməsidir. Biz azərbaycanlılar – qarabağlılar yurdumuzdan zorla çıxarıldıq, başaçıq, ayaqyalın, evimizi-eşiyimizi necə var, eləcə qoyub meşələrə, dağlara üz tutası olduq. Bizi erməni quldurları, erməni silahlı dəstələri süngü gücünə elimizdən, obamızdan qovdu. Amma indi baxıram yayılan videokadrlara, Xankəndinin erməni əhalisi əlini-qolunu sallaya-sallaya, rahatca şəhəri tərk edir. Onlar getməyə də bilər. Azərbaycan dövləti onların təhlükəsizliyinə təminat verir. Amma gedirlər, çünki Xankəndi onların çoxunun doğma yurdu, Vətəni deyil. Ona görə belə rahat, ağrısız, acısız tərk edirlər Xankəndini. Bu görüntü, bu mənzərə o torpaqların həqiqi sahiblərinin kim olduğunu göstərir”. Bu sözləri qələbəmizdən doğan qürur hissi, erməni separatçılarının 30 il əvvəl xalqımıza yaşatdığı faciələr gözünün önünə gəldiyi üçünsə həm də hüzünlə söyləyən sabiq millət vəkili (Xankəndi seçki dairəsindən Milli Məclisə seçilmiş – M.R.), hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova “Sherg.az"a açıqlamasında bildirdi.
 Azərbaycan dövlətinin Qarabağ iqtisadi rayonunda əmin-amanlığı bərpa etmək məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra vaxtilə Xankəndiyə köçürülmüş ermənilərin əksəriyyəti bölgəni tərk edir. Bölgədə yaranmış situasiya 30 il əvvəl erməni separatçıları tərəfindən Xankəndidən zorla çıxarılmış yerli azərbaycanlıların doğma şəhərə qayıdışını şərtləndirir.

Xankəndidə vaxtilə nə qədər azərbaycanlı yaşayıb, əhalinin neçə faizini azərbaycanlılar təşkil edirdi və dəqiq statistika ortaya qoymaq mümkündürmü? Suala cavabında Həvva xanım qeyd etdi ki, əhalinin siyahıyaalınmasında iştirak etmiş şəxs kimi ermənilərin saxtakarlığının o zaman şahidi olub:
- Qarabağın ağır günləri sovet vaxtı, “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldıqdan sonra başlayıb. Xankəndinin adını dəyişib qaniçən daşnak Şaumyanın “şərəfinə” adlandırdılar. 1964-65-ci illərdə Şuşanın şəhər statusu ləğv olundu, Xankəndiyə birləşdirildi... Xankəndinin azərbaycanlı əhalisinə qarşı ayrı-seçkilik başladı, təzyiqlər artdı. Bütün bunlara baxmayaraq, azərbaycanlılar dözürdülər, doğma yurdu tərk etmirdilər. Sizə deməliyəm ki, Qarabağda əmin-amanlıq, ermənilərin hiylələrinin qarşısının alınması Ümummilli Lider Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra başlayıb. Nə qədər ki, Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi, ermənilər bir iş görə bilmirdi. Bu gün belə Xankəndidə fəaliyyət göstərən müəssisələrinin çoxu zamanında Heydər Əliyevin göstərişi ilə tikilənlərdir. Ermənilər Heydər Əliyevdən çəkinirdilər, qorxurdular, baş qaldıra bilmirdilər. Ümummilli Lider hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ermənilər yenidən baş qaldırdılar. Erməni əhalisini seçkilərə cəlb edirdilər. Yadımdadır, SSRİ Ali Sovetinə deputat seçkilərində erməni seçicilərin sayı çox olsun deyə kənardan, Ermənistandan da erməniəsilli vətəndaşları gətirdib səsvermədə iştiraklarını təmin edirdilər. Əhalinin siyahıya alınmasında da çox böyük saxtakarlıq edirdilər. O zaman Xankəndidə “Sovetakan Karabax” (“Sovet Qarabağı”) qəzeti nəşr olunurdu, erməni dilində. Xankəndidə əhalinin siyahıya alınması prosesində mən də iştirak etmişəm və görürdüm ki, bunlar açıq şəkildə saxtakarlıq edirlər, rəqəmləri ermənilərin xeyrinə artırırlar. Erməni əhalisinin sayını çox, azərbaycanlıların sayını az qeyd edirlər. Təsəvvür edin ki, erməni dilində yazılan statistika ilə rus dilində yazılan statistika arasında fərq vardı. Bunu qəsdən belə edirdilər ki, erməni əhalisinin üstünlük təşkil etdiyini göstərsinlər. Xankəndidə heç vaxt 120 min erməni yaşamayıb. Azərbaycanlıların sayını ermənilər 12-15 min göstərir, əlbəttə ki, bu, düzgün deyil. Saxta statistikadır. 1990-cı ildə Azərbaycan hökuməti, Daxili İşlər Nazirliyi tərəfindən Qarabağda pasport rejimi yoxlanmağa başladı. Elə o zaman da nə qədər erməninin Qarabağda gəlmə olduğu aydınlaşdı. “Saqqallı ermənilər” o zaman bölgədən çıxarıldı. Sonrakı hadisələr məlumdur. Dediyim odur ki, Ermənistan və havadarları Qarabağda daim süni məskunlaşma aparmağa cəhd edib, müəyyən vaxtda buna nail olublar. Qarabağa təkcə Ermənistandan deyil, Livandan, Suriyadan da erməni ailələr köçürülüb, onlara xüsusi güzəştlər tətbiq olunurdu ki, getməsinlər, orada qalsınlar. Baxın, Xankəndidən çıxmağa məcbur qalmış azərbaycanlılar 56 bölgədə məskunlaşmışdı. Mən Xankəndinin millət vəkili olduğum üçün bu rayonları tək-tək gəzmişəm, o insanlarla görüşmüşəm. 56 bölgədə məskunlaşmaq nə deməkdir? Görün bu insanların sayı nə qədərdir. Son 30 ildə bu ailələr daha da böyüyüb, artıb. Elə bizim ailəmizdə 3 övladım, onların övladları... 3, 5 olub, 5, 15... Xankəndidən zorla çıxarılmış azərbaycanlıların hazırda statistikası ortaya qoyulsa, ermənilər bu rəqəmlər qarşısında məhv olar. Və mən əminəm ki, Xankəndinin azərbaycanlı əhalisi hamısı bir nəfər kimi doğma şəhərə qayıdacaq. Xankəndinin ziyalıları, alimləri var. Hamısı hazırdır və hamımız da eyni fikirdə, eymi mövqedəyik ki, ora qayıdacağıq, öz evlərimizdə, mənzillərimizdə yenidən yaşayacağıq.
  H.Məmmədova bildirdi ki, Xankəndidə, Xocalıda, Ağdərədə nə qədər azərbaycanlının yaşadığını arxivlərdən də əldə etmək olar:
- Ermənilərin nə yazdığı, nə qeyd etdiyi önəmli deyil. Arxiv sənədləri var, yəqin ki, bu sənədlər sovet hakimiyyəti illərində mərkəzə - Moskvaya da göndərilib. Mərkəzi hakimiyyət, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının arxivlərində var o sənədlər. Ozamankı rayon partiya komitələrinin sənədləri də arxivlərdə qorunur. O sənədləri qaldırmaqla həqiqət də bilinəcək. Həqiqətən bizə bunsuz da aydındır. Lakin ermənilərə havadarlıqdan əl çəkməyən bəzi dövlətlərə bunları göstərməliyik. Vaxtilə azərbaycanlıların hansı məşəqqətlərlə doğma yurdlarından didərgin salındığı kadrlarla bu gün ermənilərin arxayınlıqla köçüb getmələrini əks etdirən kadrları da müqayisəli şəkildə təqdim etməliyik. Görsünlər ki, onlar bizi hansı vəziyyətdə elimizdən-obamızdan didərgin saldı, amma biz indi onlarla necə insanpərvər davranırıq.