Məktəbə kənardan qida daxil olmamalıdır

Görünür, şagirdlər sinifdə ya tort, ya da müxtəlif qidalar qəbul edib, nəticədə zəhərlənmə baş verib

Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxs qidadan zəhərlənib. Bu barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğunun məlumatına görə, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib. Zəhərlənən şagirdlər və müəllim Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilədən sonra vəziyyəti qənaətbəxş olan 12 nəfər xəstəxanadan evə buraxılıb. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
  
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirildi. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğuladı ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyi arasında fəal əməkdaşlıq aparılır, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə KİV-ə açıqlamasında bildirdi ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə təhsil müəssisələrində bufetlərin fəaliyyətinə dair məsələ ətraflı müzakirə edilib və bütün təhsil müəssisələrində xüsusi qida nəzarətinə başlanılacaq. Bu ildən etibarən Qida Təhlükəsizliyi İnstitutu nazirliyin tabeliyindəki bütün müəssisələrdə xüsusi proqram və təlimlər həyata keçirəcək, keyfiyyətə nəzarət məsələlərinə, həmçinin məhsulların daşınması, çatdırılması, satılmasına xüsusi nəzarət prinsipləri tətbiq olunacaq. Q.Təhməzli neqativ halların ortadan qaldırılacağına ümid etdiyini də dedi.

 Görünən hələlik budur ki, neqativ hallar aradan qalxmır. Orta məktəblərdə kimin əlinə nə keçdi, onu yeyir. Şagirdlərin ad günü mərasimləri də bir ayrı mövzudu. Bu da son illərin dəbidir və belə əlamətdar günlərdə, adətən valideynlər canfəşanlıq edir. Canfəşanlıqsa, övladın ad günündə sinfə əsasən irihəcmdə tort gətirilməsində özünü göstərir. Bəlkə başqa hansısa qidalar da gətirilir, sinifdə ad günü mərasimi təşkil edilir. Ola bilsin, məktəb bufetindən də əlavə yemək alınır... Sabirabaddakı zəhərlənmənin konkret hansı qidadan baş verdiyi hələ məlum deyil. Lakin 12 nəfərin eyni zamanda zəhərlənməsi, səhhətlərində problem yaranması vəziyyətin kifayət qədər ciddiliyindən xəbər verir. 

  Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında məktəbə kənardan hər hansı qidaların gətirilməsinin yolverilməz olduğunu bildirdi: 

- Məktəblərdə qida zəhərlənmələri tez-tez baş verir. Bu da məktəbə kənardan qidaların daxil olmasının nəticəsidir. Məktəbə kənardan qida daxil olmamalıdır. Təsəvvür edin, valideyn soyuducuda buzlamış toyuq məhsulunu axşamdan çıxarır qoyur kənara ki, səhər bişirsin. Burada mikro-bioloji çirklənmənin baş verməsi an məsələsidir. Səhər də bu ərzaqdan yemək hazırlayır, verir uşağa ki, məktəbdə yeyərsən. Ya da riskli digər ərzaqlardan – göbələkdən, mayonezdən yemək hazırlayır, uşağa verir, ya da məktəbə gətirir. Qida zəncirində qırılma olur, zəhərlənmə də belə hallarda baş verir. Böyük ehtimalla şagirdin ad gününə şirniyyat hazırlanıb, şirniyyatların hazırlanmasında müxtəlif qatqı maddələrindən, rəngləndiricilərdən istifadə olunur. Yağlı tortlar çox zaman mədə-bağırsaq pozuntusuna səbəb olur. Görünür, şagirdlər sinifdə ya tort, ya da müxtəlif qidalar qəbul edib, nəticədə zəhərlənmə baş verib. 

  A.Salamov qeyd etdi ki, ən yaxşı üsul məktəblərinin özündə bufetlərin fəaliyyət göstərməsi və bufetlərə haradan qidanın gətiriləcəyinə dair konkretliyin olmasıdır: 

- Məktəblər konkret şirkətlərlə müqavilə bağlayıb isti və soyuq yeməklərin məktəbə daşınmasını təmin etməlidirlər. İsti qidalar isti, soyuq qidalar soyuq zəncirdə daşınmalıdır ki, tam təhlükəsiz şəraitdə məktəbə çatdırılsın, zəhərlənmə ehtimalı sıfır olsun.