Bakı küçələrində son vaxtlar moped, motosiklet və elektro skuterlər daha çox görünür. Şəhərin tıxaclarından qurtulmaq üçün onlardan daha yaxşı vasitə ola bilməz. Artıq, yanacaq xərclərindən, parkinq problemindən xilas olan insanlar şəhəriçi daha sürətli səyahət edə bilirlər.
"Yol Hərəkəti" haqqında yeni qəbul edilmiş qanunda velosiped və moped sürücüləri üçün xüsusi qaydalar var. Həmin sürücülər bu qaydalara ciddi şəkildə riayət etməlidirlər ki , həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaratmasınlar. Buna baxmayaraq, son günlər Bakıda motosikletlə işləyən kuryerlərin qəzaya uğraması halları artıb.
Belə hadisələrdən biri də ötən gun Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
“Wolt” şirkətinin kuryeri Kövkəb Səfərəliyeva küçəsində motosikletlə hərəkətdə olarkən qarşıdan gələn "Mercedes" markalı, 07BJ 199 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində kuryer xidməti göstərən motosiklet sürücüsü bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü açıqlamasında bildirib ki, qəzada günahı olmayıb:
"Yaşıl işıqda dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn motosiklet sürücüsü qarşıma çıxdı. Sürətlə hərəkət etdiyi üçün aşdı və başı yerə dəydi".
Sözügedən hallarla bağlı “Sherg.az"a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qəbul edilmiş qanundan sonra qəzaların sayında nisbətən azalma müşahidə edildiyini bildirib:
“Moped və motosikl sürücüləri üçün qanunda dəqiqləşmələr aparılıb. Moped 50 kub/sm aşağıdır. Motosikl isə 50 kub/sm -dən yuxarıdır. Bu nəqliyyat vasitələrinin sürücüləri üçün sürücülük vəsiqəsi tələb olunur. (A kateqoriyası və yaxud da A1 alt kateqoriyası). Bunlar olmadıqda onlar sürücülük hüququ olmadan nəqliyyat vasiqəsini idarə edən şəxs kimi qəbul olunurlar. İnzibati məsuliyyətə cəlb olunurlar. Bu qanundan sonra qəzaların sayında azalma müşahidə edilir. Çünki sürücülük vəsiqəsini ala bilməyənlər çoxdur. Ümumi olaraq problem tam həll olunmuş hesab etmək olmaz".
Ekspert qeyd edib ki, problemin həlli üçün moped, motosikl sürücülərinin bu istiqamətdə maarifləndirilməsi, təbliğat xarakterli iş aparılması çox vacibdir:
"Bu növ nəqliyyat vasitəsindən istifadə edən sürücülər daha çox kuryer kimi fəaliyyət göstərirlər. Bu prosesə cəlb olunarkən hər hansı bir təlim keçmirlər. Nəticədə təcrübəsiz biri kimi qəza törədirlər. Problemin həll yolu kimi nəzarət mexanizmini gücləndirmək lazımdır. İşlədikləri hər hansı şirkətdə tələblər qoyulmalıdır.O tələblər əsasında işə götürülərkən müəyyən biliklərini nümayiş etdirməlidilər. Bu prosesdən sonra onları kuryer olaraq işə cəlb etmək olar. Belə halda sürücülər məsuliyyəti dərk edərək yol nəqliyyat qaydalarını öyrənmək məcburiyyətində olacaq".