5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər Günü əziz və sevimli müəllimini yad etmək və onu peşə bayramı münasibətilə təbrik etmək üçün əla imkandır. Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur.
Şübhəsiz ki, qələm sahiblərini, jurnalistləri yetişdirən ustadlarımız da var.
"Sherg.az"la həmsöhbət olan tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli pedoqoji fəaliyyətinin sirrlərindən söz açıb:
"Müəllimliyin sirri bilikli, dünyagörüşlü olması və tələbəyə olan sevgisi, qayğısıdır. Mən çox çalışmışam ki, bu əsas keyfiyyətlər yaradıcılığımda olsun. Jurnalistika sahəsində pedaqoji fəaliyyətin xarakteristikasından danışsaq, sadaladığım cəhətlər önəmlidir. Nəzəriyyəni, dünya jurnalistika sistemini, Azərbaycan klassik jurnalistikasını bilmək vacibdir. Ən əsas göstərici isə praktiki yaradıcılığın olmasıdır. Mən praktiki yaradıcılığıma 6-cı sinifdə rayon qəzetinə yazı yazmaqla başlamışam. İndi də Azərbaycan qəzetləri, telekanalları mənim üçün ən doğma məkanlardır. Mən Şirməmməd Hüseynovun, Nəsir İmanquliyevin tələbəsi olduğum üçün fəxr edirəm. Onlardan öyrəndiklərimi tələbələrimə tətbiq etməyə çalışıram.Dahi şəxsiyyətlərin tələbəsi olan birinin dünyagörüşünün zəif olması mümkün deyil. Müəllimlik sahəsi çox zəhmət tələb edən, ancaq bir o qədər də şərəfli peşədir".