Saxta kredit ELANLARI: Evdar xanımlar...

Daxili İşlər Nazirliyi (DİN) saxta kredit elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
"Sürətli və aşağı faizli kredit imkanı" kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edin. Belə saxta və imitasiyalı linklərə tıklamayın! Şəxsi və kart məlumatlarınızı paylaşmayın!", - deyə məlumatda vurğulanır.

Bir neçə ildir Azərbaycanda kiber hücumların sayının artdığını deyən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov "Sherg.az"a vurğulayıb ki, dövlət qurumları bu istiqamətdə daim maarifləndirici məlumatlar paylaşırlar:

"Ümumiyyətlə fişinq hücum növünün qarşısını almaq üçün əsas prioritet maariflənmədir. Yəni fişinqdə hücum edən tərəf proqram, virus yox, insan olduğu üçün ona qarşı antivirusdan istifadə etmək mümkün deyil. Hətta bloklamalar da işə yaramır. Çünki fişinq gələn nömrəni və ya profili bloklasaq, başqasından istifadə edəcəklər. Ona görə ki, qarşımızdakı haker insandır və yeni metodlardan istifadə edə bilər. Bu mənada fişinq hücuma qarşı əsas mübarizə üsulu maariflənmədir. Maarifləndirmə istiqamətdə isə aidiyyəti qurumların hər biri daim iş görür. Hətta sosial şəbəkələr, mesaj və KİV vasitəsilə insanlara məlumatlar verilir".
Ekspert əlavə edib ki, insanlar gələn linklərin üzərinə tıklamadan öncə onun tərtibatına baxmalıdırlar:

"Məsələn, hansısa bank adından göndərilən mesajda o bankın Azərbaycandakı domenin adının olub olmadığını yoxlamaq lazımdır. Ümumiyyətlə biz qarşılaşırıq ki, evdar xanımlara link göndərilir və oradan qeydiyyatdan keçdiyi təqdirdə ayda 600-700 manat pul qazanacağı deyilir. Bunun özü məntiqli bir situasiya deyil. Yəni mesajın tərtibatından hücum olduğu aydın görsənir. Amma təəssüflər olsun ki, insanlar yalnız rəqəmlərə baxırlar".