Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir

Son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, 8-9 may tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə saat 09.00-12.00 radələrində qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.