Məktəbli yaşında olan, yaxud ondan aşağı yaşda olan uşaqların boynuna düşən vəzifə dərs oxumaq, idmanla məşğul olmaqdır
Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir: "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən, dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.
Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.
Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik".
İlahiyyatçı Tural İrfan "Sherg.az"a bildirib ki, İslam dinində müsəlmanlar həddi - buluğa çatandan sonra ibadətlərə məsul və mükəlləf sayılırlar.
“Həmçinin sağlamlıq və psixoloji durum sarıdan uşaqların səs-küylü, özünü döyməklə müşahidə olunan toplantılara cəlb edilməsi dini baxımdan əsla uyğun deyil. Məktəbli yaşında olan, yaxud ondan aşağı yaşda olan uşaqların boynuna düşən vəzifə dərs oxumaq, idmanla məşğul olmaqdır. Dini dəyərlərə, ibadətlərə də maraqlı olanlar ola bilər ki, onlar da əsasən valideynlərindən maariflənirlər. Bəzi yerlərdə müşahidə edirik, hətta sosial şəbəkələrdə də yayılmışdı ki, azyaşlı uşaqları sinə vurma, baş yarma, yallı getmə ayinlərinə qoşmuşdular. Bu qətiyyən doğru deyil və uşaqlardan təbliğatda sui-istifadə halıdır. Hələ özü dinin, məzhəbin, əməlin mahiyyətini anlamayan uşağı aparıb məcbur etmək, yaxud cəlb etmək doğru deyil. Ələlxüsus da ki, sinə vurmaq, kütləvi toplaşmaq bu ayda vacib olmayan, Quranda, şəriətdə əmr olunmayan əməldir. Əgər din əmr etsə idi ki, mütləq uşaqlar da iştirak etməlidir, təbii ki, bu zaman təbii yanaşmaq olardı. Əsasən də hazırda anormal istilər keçir, minlərlə şəxs Məkkədə Həcc ziyarəti zamanı həlak oldu. Adətən Aşura və Məhərrəm ayında keçirilən toplanışlarda da sıxlıq, səs - küy, gərginlik olur ki, bu da uşaqların psixoloji durumuna, səhhətinə müsbət təsir etməyə bilər. Ümumiyyətlə hər yaşın öz məsuliyyəti və mükəlləfiyyəti var. Uşaqları bəziləri qəsdən cəlb edirlər. Sanki quru yerdən qan çıxarmaq üçün. Özləri də bilir ki, uşaqlar aparılmamalıdır. Ancaq kimlərsə təhrik edir ki, uşaqları aparın, qoyun etiraz yaransın. Uşaqları belə işlərə alət etmək təxribat və dinin əksinə olan əməldir”.