Amin Musayev: 44 günlük müharibə həyatımın dönüş nöqtəsidir 

Bu gün, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.
Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən şücaəti sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” yaramız sağaldı. Azərbaycanın hərbi sahədə əldə etdiyi qələbələr, xüsusilə Şuşanın düşməndən azad edilməsi müharibənin taleyində çox vacib rol oynadı. Bu qələbəni bu gün böyük iftixar hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.                           

Keçmiş hərbi əsir, "Vətən müharibəsi iştirakçısı" Amin Musayev "Sherg.az"a açıqlamasında dünya azərhaycanlılarını Zəfər günü münasibəti ilə təbrik edib:                         

"Qələbəmiz daimi olsun. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın. Bu şanlı döyüşdə iştirak etdiyim üçün qürur duyuram. Çünki azda olsa döyüşə qatqım oldu. 44 günlük müharibə qələbə şəhidlərimizin tökülən qanı bahasına qazanıldı. Allah şəhidlərimizə rəhmət, ailələrinə səbr versin. Hər birimiz ölənədək şəhid ailələrinə borcluyuq. Çünki onların böyütdükləri oğullar sayəsində zəfərimizi qeyd edirik. 44 günlük müharibəni həyatımın dönüş nöqtəsi kimi xatırlayıram. Bir növ həyata baxışım dəyişdi. Rəbbim Azərbaycan vətəndaşının yaxşısınıda, pisini də qorusun. Bizim millətdən, mentalitetimizdən heç bir yerdə yoxdur. Əsirliyə düşmək heç bir kəsə qismət olmasın. Çünki həmin vəziyyətdə çəkdiyim çətinlikləri məndən yaxşı bilən olmaz. Ümumiyyətlə, bir daha ölkəmiz müharibə ilə qarşı-qarşıya gəlməsin. Hər zaman sülh və firavanlıq içərisində yaşayaq. Ermənilər kimi əclaf, satqın millət yoxdur. Müharibədən 4 il keçməsinə baxmayaraq, xatirələr insanın hələ də yaddaşındadır. Təsəvvür edin ki, yaralı ola-ola əlimi, ayağımı bağlı saxlayırdılar. Halbuki gözlərimi açmağa taqətim belə yox idi. Əsirlikdən çox çətin günlər keçirdim. Bunlar azmış kim məni videoya çəkib, istəmədiyim sözləri dedirtmək istədilər. Qəbul etmədiyimə görə, boynuma isti su töküb, yandırdılar. Gecələr projektoru qoşurdular ki, işıq üzümə vursun, yata bilməyim. Allah Ali Baş Komandanımızı qorusun ki, tez bir zamanda vətənə qayıtmağıma kömək etdi. Hər il 8 Noyabr  sevincimin həddi-hüdudu olmur. Günümüzdə Qarabağa səfər ediriksə, bundan böyük xoşbəxtlik ola bilməz. İşğaldan azad olunan torpaqlarımız günü-gündən dirçəlir. Bu yaxınlarda Azərbaycanda "COP29" tədbiri keçiriləcək. Bu da  Prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Biz hər sahədə dünyaya töhvə veririk. Bir sözlə, qələbəmizlə Azərbaycanın necə dövlət olduğunu hər kəsə sübut etdik".