Ağ qitə adlı sülh simvolu olan Antarktida qorunacaqmı? Bu sualın cavabı bütün dünya ölkələrini düşündürür, maraqlandırır və narahat edir. Kəşfindən iki yüz il sonra Antarktida dünyanı yenidən həyəcanlandırır. Və bu həyacan Çindən gələnlərlə başlayır. 200 il əvvəl kəşf edilmiş Ağ qitə 1959-cu ildən bəri tək bir beynəlxalq müqavilə ilə idarə olunur.Bu müqavilə 1959-cu ildə Vaşinqtonda bağlandı. Müqavilənin mətnində göstərilən əsas məqamlar o idi ki, 1820-ci ildə kəşf edilmiş bu qitə qorunsun.
"Sherg.az"ın "lefigaro.fr"ə istinadən xəbərinə görə, Qütb geosiyasətinin professoru, Beynəlxalq Münasibətlərin Tədqiqatı üzrə mütəxəssis Mikaa Mered qeyd edir ki, qütblərin idarə olunması həm sadə, həm də olduqca mürəkkəbdir.
O yazır: buzlaqlar, sanki, Yer kürəsində iqlim dəyişikliklərini dərhal duyan və bunu əks etdirən ən həssas amildir. Bunu başlanğıc qlobal ekoloji təhlükə yaratmış süni istilik effektinin dünyada temperaturu 1 dərəcəyə yaxın yüksəltməsi də artıq sübut edib. Dünyada cüzi istiləşmə buzlaqların əsas məskəni olan qütblərdə – Arktika və Antarktidada sürətli ərimə ilə müşayiət olunur.
Dünyanın elm və tədqiqat mərkəzləri həyəcan dolu xəbərlər yaymaqdadırlar: buzlaqların artan sürətlə əriməsi, ilk növbədə, sahil zolaqlarının, sonra isə Yer üzünün digər düzən hissələrinin su altında qalmasına gətirib çıxaracaq. Təbiətin dövri olaraq özünü tənzimləməsi barədə nikbin proqnoz söyləyənlər az olmasa da, buzlaqlarla bağlı durum gündən-günə, aydan-aya, ildən-ilə kəskinləşir”.
ABŞ-dakı NASA Tədqiqat Mərkəzinin kosmik fəzadan çəkdiyi fotoşəkillər Şimal qütbündəki buzlaqların tarixin ən aşağı ikinci səviyyəsinə qədər endiyini üzə çıxarıb. Elm adamları hələ bir neçə il əvvəl Şimal qütbündəki Atlantik okeanın üstündə buzlaqların sahəsinin 4 milyon 140 min kvadratkilometrə qədər azaldığını bildirirdilər. Bu rəqəm 2012-ci ildə aparılan ölçmələrdə aşkara çıxan 3 milyon 390 min kvadratkilometlik statistikanı yeniləməklə qlobal təklükə ilə bağlı həyəcanı xeyli artırıb. NASA alimləri digər bir ekoloji fəlakətin fəallaşmasını – yağıntıların və dağıdıcı sellərin artmasını da buzlaqların əriməsi ilə əlaqələndirirlər.
NASA bildirir ki, Antarktidada da buzlaqların əriməsi intensivləşib. Bundan əvvəl sabit qalan və qlobal iqlim dəyişikliklərinə reaksiya verməyən Totten buzlağı kimi ərazilərin kiçilməyə başlaması xüsusən həyəcan doğurur. Alimlərin hesablamalarına görə, əgər bu buzlaq tamamilə əriyərsə, dunya okeanının səviyyəsi 3 metrdən artıq qalxar.
Arktikada da buzlaqların sürətlə əriməsi dünyanın gələcəyi üçün böyük təhlükə yaradır. Alimlərin qənaətinə görə, buzlaqlara daxil olan isti sular Qolfstrim isti cərəyanı vasitəsilə gəlir. Elm dünyası qeyd edir ki, bu hal Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.
Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər. Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi 5 dəfə artıb. Buzlaqların azalması qitənin içərilərinə doğru irəliləyir və bəzi yerlərdə qalınlığı 100 metrdən də aşağı düşür.
NASA-nın alimi Helen Seroussinin fikrincə, yaxın 200-600 ildə orta temperaturun 2 selsiyə kimi qalxması dəhşətli fəsadlarla nəticələnəcək.
Elm adamları dünyada buzlaqların əriməsinin, təxmini olaraq, 5 min illik bir müddəti əhatə edəcəyini hesab edirlər, ancaq təbii nizamda yarana biləcək hər hansı bir dalğalanma, ya da təxribat bu müddəti daha da qısalda bilər. Ərimə təbii axarında belə davam etsə 5 min il sonra şəhərlərin bir çoxu su altında qalacaq. “National Geographic” jurnalına görə, bütün buzlaqlar əridikdə dəniz səviyyəsi 65 metr yüksələcək.
Bəs bütün dünya miqyasında necə dəyişikliklər olacaq? Şimali Amerikada Nyu-York da daxil, şərq istiqamətində bir çox şəhər sular altında qalacaq. Şimali Amerika, Cənubi Amerikada, Amazon hövzəsi dənizlə birləşəcək. Şirin su və bölgənin həyat mənbəyi olan Amazon çayı yox olanda nələr olacağını təxmin etmək belə qorxuducudur. Buenos-Ayres şəhəri, Uruqvay və Paraqvay ölkələri sular altında qalacaq.
Avropa qitəsində Bakı, Venesiya, Amsterdam, Kopenhagen kimi şəhərlər sular altında qalacaq. London, İstanbul və Barselona isə böyük risk altında olacaq. Afrikanın şimal hissələrində bəzi bölgələr sular altında qalıb yox olacaq. Asiyada isə Çinin qərbi sular altında qalaraq yox olacaq. Hindistan, Banqladeş və Pakistan sahilləri sular altında qalacaq. Fars körfəzində dəniz Bağdad ilə eyni səviyyəyə gələcək. Xəzər dənizinin səviyyəsi yüksələcək və Rusiyada dəniz iç təbəqələrə girəcək.