"Uşağım yoxdur" dedi, evini dövlət xəstəxanasına bağışladı

 
Türkiyənin Manisa şəhərində yaşayan 90 yaşlı Kadirye Tekerlekli  2 mərtəbəli evini dövlət xəstəxanasına verdi.

Sherg.az xəbər verir ki, Hacı Həmzə məhəlləsində məskunlaşan Kadirye 20 il əvvəl ərini itirib. O tarixdən bəri tək  yaşayan qadını qonşuları yalnız buraxmadı. 
Anadolu Agentliyinin xəbərinə görə, Kadirye Tekerlekli   ərindən yadigar qalan və hər küncündə xatirələrini yaşatdığı 2 mərtəbəli bağçalı evini uşaqları olmadığı üçün vəfatından sonra xəstəxananın ehtiyacları üçün istifadə olunsun deyə hədiyyə etdi.
 
Kadirye açıqlamasında evini xəstəxanaya bağışladığı üçün xoşbəxt olduğunu vurğulayıb.

Xəstəxananın baş həkimi Hayrettin Karakuş  ilə xəstəxana rəhbərliyinin zaman - zaman onu evində ziyarət edərək yaxından maraqlandığını söyləyən Kadirye Tekerlekli "Uşağım olmadığı üçün evi xəstəxanaya bağışladım. Rəhmətlik həyat yoldaşım da eyni düşüncədə idi. Mən vəfat etdikdən sonra bu ev xəstəxanamızın olacaq. Halal xoşları olsun. Rəbbim hər kəsə şəfa versin" deyə bildirib.

Baş həkim isə evini xəstəxanaya bağışlayan qadının nümunə olduğunu bildirərək bunları söyləyib:

- Ona Allahdan uzun ömür diləyirik. Kadirye xalamız vəfat etdikdən sonra bu ev xəstələrimizə şəfa üçün istifadə ediləcək. Xalamızın sağlamlıq vəziyyəti ilə də yaxından maraqlanırıq, bəzi müayinələri xəstəxanamızda edirik.

Turan