NATO irəliləyir...

Qərbin planları Moskvanı əndişəyə salıb

Rusiya qərb sərhədlərində hərbi baza yaratmaqla əzələ nümayiş etdirmək istəyir


Ötən gün Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, Rusiya ilin sonunadək Qərb hərbi dairəsində yeni birlik və hərbi hissə yaradacaq. Onun sözlərinə görə, bu, başda ABŞ olmaqla NATO-nun Rusiya sərhədlərində fəallaşmasına cavab olacaq.

Mövzu barədə fikirlərini "Şərq"lə bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib ki, Rusiyanın qərb sərhədlərində hərbi bazalarını artırması ilə bağlı təşəbbüsləri daha çox  geosiyasi əhəmiyyət daşıyır. Çünki SSRİ-nin süqutundan sonra, eləcə də Varşava iqtisadi blokunun məhvə məruz qalmasından sonra yeni geosiyasi mənzərə formalaşıb:



"Şərqi Avropa dövlətləri yeni iqtisadi formasiyaya qədəm qoydular və bir sıra Şərqi Avropa dövlətləri NATO hərbi siyasi blokunun üzvü oldu. Və bu o demək idi ki, artıq geosiyasi reallıqlarla yeni yaradılan Rusiya dövləti hesablaşmalıdır. Bunun nəticəsində Rusiya yenidən öz hərbi siyasi doktrinasını nəzərdən keçirdi.

Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra isə yeni bir Rusiyanın yaradılması istiqamətində müvafiq addımlar atıldı. Eyni zamanda qeyd etməliyik ki, ötən dövr ərzində Rusiya Qərbin hərbi siyasi bloku olan NATO-ya qarşı, eləcə də Amerika Birləşmiş Ştatlarına qarşı öz siyasi, hərbi, iqtisadi priotitetlərini müəyyənləşdirib. Bu istiqamətdə əsasən, Cənub Şərqi Avropada, Şərqi Avropada və postsovet məkanında bir sıra addımlar atılıb. Əsasən özünə loyal olan solçu hakimiyyətləri dəstəkləmək, Kommunist partiyasının hakim olduğu dövlətlərə bu istiqamətə yatırım etmək və digər addımlar müşahidə olunub. Eyni zamanda NATO-nun hərbi qanadının altına keçmək istiqamətində olan dövlətlərə qarşı da bir sıra alətlərdən istifadə edilməklə tədbirlər görülüb. Hazırda Ukraynada cərəyan edən proseslər, Belarusda olan hadisələr və ümumən bu coğrafiyada yaradılan siyasi, iqtisadi qarşıdurmalar məkanı həm Qərb, həm də Rusiya üçün müəyyən addımların atılmasına əlverişli mühit formalaşdırır". 

İ.Hüseynov vurğulayıb ki, Rusiya ilə Belarus arasında olan müttəfiqlik münasibətləri və hər zaman gündəmə gələn ittifaq dövlətin yaradılması ilə bağlı fikirlər Rusiyanın Belarus üzərində prokteratının daha da güclənməsinə gətirib çıxarır:

"Eyni zamanda Ukraynanın öz ərazilərində baş verən separatizm meyillərinə son qoymaq, ərazi bütövlüyünü bərpa etmək və suverenliyi üzərində hakimliyini qurmaq üçün Qərbin dəstəyi ilə bağlı istəkləri Rusiyanın Qərb sərhədlərində daha da möhkəmlənməsinə gətirib çıxarıb. Eyni zamanda qeyd etməliyik ki, Rusiyanın hazırkı hərbi, siyasi doktrinası  bunu etməyə imkan verir. Rusiya daha çox Qərbin irəliləyişinin qarşısını almağa çalışır. Yəni Qərbin həyata keçirdiyi informasiya siyasəti seqmentində, təhsil və elm seqmentində, tvinninq proqramlarında və müxtəlif bu istiqamətdə olan təşəbbüslərində yer alan dövlətlərin qərb təsirini azaltmaq üçün addımlar atır. Bunlar müxtəlif spektr məsələlərdə özünü büruzə verir. Əsasən, Şərqi Avropada Rusiyaya qarşı müəyyən Qərbin əhval-ruhiyyəsi formalaşdırıb. Və diplomatların qalmaqalında da biz bunu müşahidə etmişdik. Bir sıra Şərqi Avropa dövlətləri Rusiya diplomatlarının ölkədən xaric olunması üçün addımlar atıb. İqtisadi, sosial, enerji məsələlərində Rusiyanın küləklərinin azaldılması üçün Qərbin addımları kimi bunlar səciyyələnir.

Eyni zamanda, Rusiyanın enerji imkanları, karbohidrogen ehtiyatları ilə zəngin potensialı istiqamətində atılan addımlar həm cənub axını, daha sonra türk axını adlandırılır.

"Şimal axını-2" layihəsi Rusiyanın Avropanın enerji məkanında daha dərin təməllər üzərində hakimliyini nəzərdən keçirdir. Bu Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması üçün atılan addımlar olsa da, Avropa bu layihələri əngəlləmək və onlara qarşı çıxmaq üçün müxtəlif variantları nəzərdən keçirir. "Şimal axını-2"  layihəsinin böyük hissəsinin tikintisinin başa çatmasına baxmayaraq layihəni icra etmək üçün son detallar həyata keçirilmir. Yəni bunu müxtəlif addımlarla zəiflədirlər. Həm layihənin padraçlarına qarşı sanksiya hədələri, həm müxtəlif dövlətlərin iqtisadi zonasında keçən ərazilərdə atılan primitiv addımlar və ümumən layihənin həyata keçməməsi üçün hər vəchlə çalışan Qərb strateqləri bunun həyata keçməməsi üçün müxtəlif təşəbbüslər irəli sürürlər. Bunun fonunda Rusiya öz hərbi gücünü göstərmək üçün yeni bazalar yaratmaq, öz əzələ nümayişini göstərmək istiqamətində addımlar atır".