Əfqanıstana 20 ildə trilyonlar xərcləndi: ABŞ bölgədən niyə uzaqlaşdı?

"Baydenin “Taliban"ın ildırım sürətilə uğur qazanacağını gözləyirdik” deməsi göstərir ki, hər şey plan üzrə gedir"

ABŞ Prezidenti Co Bayden Əfqanıstanda baş verən proseslərlə bağlı çıxış edib. Bayden Amerikanın bu ölkədəki 20 illik missiyasının öz məqsədinə çatdığını bəyan edib. Prezident başlıca hədəfin bir daha bu ölkədən ABŞ-a hücum edilməsinə yol verməmək olduğunu bildirib. Baydenin sözlərinə görə, Amerikanın Əfqanıstanda qalması ciddi itkilərlə müşayiət oluna bilərdi.


Məhz o səbəbdən ölkəni tərk etmək qərara alınıb və o, sözügedən qərardan peşman deyil. Dövlət başçısı "Taliban"ın ildırım sürətilə uğur qazanmasının Ağ Ev üçün gözlənilən olduğunu qeyd edib. Bayden "Taliban" rəhbərliyinə ABŞ-ın xəbərdarlığını çatdırıb ki, əgər onlar Əfqanıstanda amerikalılara problem yaratsa, sərt hərbi müdaxilə ilə qarşılaşmalı olacaqlar. O bəyan edib ki, ölkəsi minlərlə Əfqanıstan vətəndaşını ölkədən təxliyə etmək fikrindədir. Bunlar əsasən ABŞ-a Əfqanıstan hərəkatında yaxından yardım etmiş şəxslərdir: “Məqsədimiz 11 sentyabr 2001-ci il terroruna cavabdeh olan "Əl-Qaidə" lideri Üsamə bin Ladenin ləğv edilməsi idi. Bu məqsədə çatdıq. Əfqanıstan hərəkatına 1 trilyon dollara yaxın pul xərcləmişik. Biz 300 min əfqan əsgər və polisinə təlim keçdik ki, ölkələrini qorusunlar. Onları təchiz etdik. Hətta hava qüvvələrini də təchiz etdik. Daha bir, yaxud beş il keçsə də ABŞ-ın hərbi iştirakı nəyisə dəyişə bilməyəcək. Çünki Əfqanıstan hərbiçilərinin öz ölkələrini ayaqda tuta bilməsi və ya bunu istəməsi olmadan məqsədə çatmaq mümkün deyil. Amerikanın başqa bir ölkədəki vətəndaş münaqişəsinin ortasında əbədi qalması mənim üçün məqbul deyil”. C.Bayden əlavə edib ki, onun vəzifə başına gəlməsilə artıq 4 amerikalı prezident Əfqanıstan hərəkatına enerji xərcləmiş olur: “Mən bunun beşinci prezidentə keçməsinə imkan verə bilmərəm və verməyəcəyəm. Əfqanıstan qüvvələri özləri uğrunda mübarizə aparmaq istəmədikləri halda ABŞ ordusu müharibə aparıb ölməməlidir”.

Baydenin açıqlamalarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımov deyib ki, Ağ Ev rəhbərinin Əfqanıstan məsələsində Amerikanın maraqlarını qoruyan açıqlama verəcəyi gözlənilən idi. Analitikin fikrincə, Amerikanın Əfqanıstanda əbədi qalacağını fikirləşmək sadəlövhlük olardı:

“Əfqanıstana 20 ildə trilyonlarla dollar xərclədiklərini deyən Amerika rəhbərinin “Taliban"ın ildırım sürətilə uğur qazanacağını gözləyirdik” deməsi göstərir ki, hər şey plan üzrə gedir. Ancaq ABŞ-ın Əfqanıstandan tamamilə getmək fikri yoxdur. Pakistandan çıxarılan hərbi qüvvələrə baza üçün yer istəmələri də bunu sübut edir. Pakistan razı olmasa da, ABŞ-ın bir yer tapacağı mütləqdir. Amerika əvvəlcədən "Taliban"ın hakimiyyəti ələ keçirəcəyini bilirdi. Necə olur ki, 89 milyard pul xərclənib formalaşdırılan ordunun 3-6 aya məğlub olacağı prezident tərəfindən öncədən deyilirdi. Əfqanıstan ordusu heç bir ay tab gətirmədi. Deməli, hər şey öncədən məlum idi. 300 yüz min rəsmi əfqan ordusu 70 min "Taliban" ordusunun qarşısında duruş gətirə bilmirsə, deməli, rəqəmlər şişirdilib. Məsələ ondadır ki, Vaşinqton özü hakimiyyəti "Taliban"a verə bilməzdi. Hakimiyyətdən terrorist deyib qovduğu qüvvəni yenidən hakimiyyətə gətirmək dünyada doğru qəbul edilməzdi. Bəs niyə ABŞ yenidən "Taliban"ı hakimiyyətə qaytardı? Səbəb 20 il öncəki geosiyasi durumla indiki vəziyyətin eyni olmamasıdır. Çin və Rusiyaya bölgədə ancaq "Taliban"ın problem yarada biləcəyi reallığıdır. İran isə İsrailə görə həmişə hədəfdədir. Amerika Türkiyəyə Əfqanıstanda qalmağı və nəzarət etməyi tapşırdı. Ərdoğan maliyyə və lojistik dəstək qarşılığında bunu qəbul etdi. İndiki dövrdə Türkiyədən başqa heç bir güc bu missiyanın öhdəsindən gələ bilməz”.