Rusiya Ukrayna müharibəsi davam edir. Cəbhə xəbərləri, diplomatların açıqlamaları, prezidentlərin bəyanatlarının ardı - arası kəsilmir. Ötən gün Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı baş tutub.Liderlərin telefon danışığı 2 saatdan çox çəkib. Rusiya prezidenti fransalı həmkarının diqqətini Avropa İttifaqı ölkələrinin Ukrayna silahlı qüvvələrinin hərbi cinayətlərinə məhəl qoymamasına yönəldib.
Putinin fikirlərinə əsasən, Qərb Kiyev hakimiyyətinə müvafiq təzyiq göstərməklə, eləcə də Ukraynaya silah tədarükünü dayandırmaqla bu “vəhşiliklər”in dayandırılmasına kömək edə bilərdi. Bundan başqa mediaya verdiyi digər müsahibəsində Rusiya-Ukrayna danışıqlarına diqqət çəkən Rusiya lideri bəyan edib ki, Kiyevin qeyri-ardıcıllığına və ciddi işə hazır olmamasına baxmayaraq, Rusiya tərəfi əvvəlki kimi dialoqa açıqdır.
Dövlətlərin münasibətlərini "Sherg.az"a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablının fikirlərinə görə, demək olar, dünya siyasi, diplomatik cəhətdən Rusiyanı təkləyib:
“Tərəflərin güzəştə getmə ehtimalı əvvəldə də var idi. Sadəcə güzəştə getmək istəmirdilər. İndi də ehtimal özünü qoruyub saxlayır. Güzəştə gedən tərəf istəyər ki, qarşı tərəf kompromisə hazır dayansın. Rusiyanın Ukrayna, həmçinin Qərb blokundan müəyyən güzəştlər almaq qarşılığında güzəştə getməsi mümkündür.
Rusiyanın döyüşdən əvvəlki nüfuzundan və gücündən əsər əlamət qalmayıb. İki aydan çoxdur rəsmi Moskva iqtisadi potensialını səfərbər edib. Onunla ittifaq münasibət qurması gözlənilən Çin və İran kimi dövlətlər belə Rusiyanı dəstəkləyə bilmədilər, yaxud istəmədilər. 1 ay əvvəl Rusiyanın qələbə qazanma şansı daha çox idi. Artıq indi bu şans əhəmiyyətli dərəcədə azalıb. Rusiya kompromislərə daha açıqdır, artıq qələbə qazana bilməyəcəklərini hesablayır. Rusiyanı məğlubiyyətə uğratmaq da asan məsələ deyil. Amma böyük ehtimal müharibədən qalib çıxa bilməyəcək. Sadəcə tərəflər razılığa gəlib, əməliyyatları dayandırıb, problemi diplomatik müstəvidə həllini tapmağa çalışacaqlar".
H.Səhrablının qənaətincə, Rusiya Ukraynada kifayət qədər qüvvə itirib, hərbi , siyasi , iqtisadi cəhətdən zərbə alıb:
"Onun rəqibləri, düşmənləri tək Ukrayna ilə məhdudlaşmır. Çin kimi hegemon ölkə, postsovet məkanı Rusiyaya nifrət bəsləyən sərhədboyu dövlətlərlə əhatəlidir. Yaponiya amili mövcuddur, Qərb isə canlılığını qoruyur. Bunların fonunda Rusiya öz hərbi qüvvəsini tam anlamda itirmək istəmir. Digər təhlükələrə qarşı özünü canlı tutmağa hədəfləyir. İsti əməliyyatların sonunu görə bilərik. Rusiya 9 maya qədər hədəfinə çatmağını planlayırdı. Qələbə paradını daha təmtərqalı keçirtməyə can atırdı. Görünür, mümkün deyil. Hər şeyi diplomatik vasitələrlə çözməyə səy göstərəcəklər".