İran Türkiyəni özünə ən böyük rəqib sayır

Ona görə iki ölkə arasında münasibətlərin normal olduğunu düşünmək üçün heç bir əsas yoxdur

Tehran Türkiyənin Cənubi Qafqazda və Orta Asiyada geopolitik mövqelərini möhkəmləndirməsindən qətiyyən məmnun deyil

  İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edib. İranlı nazir öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüşlərdə Tehran və Ankara arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən mühüm regional və beynəlxalq məsələlər müzakirə olunub. Abdullahianı İran Prezidenti İbrahim Rəisinin də yaxın dönəmdə Türkiyəyə səfər edəcəyini söyləyib. 

Politoloq Elçin Xalidbəyli "Şərq"ə açıqlamasında bildirib ki, İran rəsmilərinin Türkiyəyə səfər etməsi əlbəttə ki, müsbət addımdır. Çünki son vaxtlar rəsmi Tehran daha çox Ermənistanla yaxın münasibətlər qurması ilə diqqəti çəkir: 

"Bu, İranın xarici siyasət kursunda əsas istiqamətə çevrilmiş kimi görünür. Ancaq İran xarici işlər nazirinin Türkiyəyə səfərini iki ölkə arasında münasibətlərin normal olduğunu düşünməyə qətiyyən əsas vermir. Çünki bu iki qonşu ölkə arasında kifayət qədər geopolitik problemlər, ziddiyyətlər mövcuddur. Rəsmi Tehran Türkiyənin Cənubi Qafqazda və Orta Asiyada geopolitik mövqelərini möhkəmləndirməsindən qətiyyən məmnun deyil. Əksinə, rəsmi Ankaranın bu uğurlarını İranın maraqlarına təhdid hesab edir. Ona görə də iranlı nazirin Türkiyə səfəri çərçivəsində müəyyən müsbət məzmunlu açıqlamalarla yanaşı, rəsmi Tehranın Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi ilə barışmayacağı ilə bağlı ənənəvi tezisi yenidən təkrarlaması o qədər də gözlənilməz deyil".
Analitikin fikrincə, bütün bunlar onu göstərir ki, İran da Ermənistan kimi öz sərhəd qonşuları ilə daha yaxın və effektiv münasibətlərə o qədər də həvəsli deyil: "Rəsmi Tehran Türkiyəni İranın əsas rəqiblərindən biri hesab edir. Yəni İranın Türkiyə ilə münasibətlərinin normal olduğunu düşünmək üçün heç bir əsas yoxdur.

Halbuki rəsmi Tehran regional proseslərdə ortaq maraqlar çərçivəsində iştirak etməyə həvəs göstərmiş olsaydı, bu həm İranın, həm də onun qonşularının xeyrinə olardı. Hazırda rəsmi Tehran ABŞ və Qərbin sərt təzyiqləri altında qalıb. Ona görə də İranın önəmli qonşularından biri olan Türkiyə ilə gərgin münasibətləri nisbətən yumşaltmağa ehtiyac duyur. 

Əgər rəsmi Tehran Türkiyə ilə normal münasibətlərin qurulmasında səmimi və davamlı olarsa, bu, Azərbaycan-İran ziddiyyətlərinin aradan qaldırılmasına birbaşa təsir göstərə bilər. Ancaq hələlik bunun belə olacağını iddia etmək üçün heç bir real addım atılmayıb. 

Əksinə, İran Ermənistanla münasibətlərin daha da inkişaf etdirilməsində israrlı davranır. İran Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ciddi problem olaraq qalmasına çalışır. Hətta yaxın vaxtlarda İran və Ermənistan paytaxtlarının Tehran və İrəvanın qardaş şəhərlər elan edilməsinə hazırlıq aparıldığı da bildirilir".