Polşa və Rusiya arasında münasibətlər məktəb binasına görə daha da gərginləşib

Polşa və Rusiya arasında münasibətlərin gərginləşməsinə daha bir səhifə də əlavə olunub.

AZƏRTAC xəbər verir ki, Polşa Rusiya səfirliyinin əməkdaşlarının övladlarının oxuduğu məktəbin binasını müsadirə edib və bu addım rəsmi Moskva tərəfindən kəskin etirazla qarşılanıb.

Polşanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bina Polşa dövlətinin mülkiyyətindədir və Rusiyanın etiraz etmək hüququna anlayışla yanaşılır. Polşa XİN-in təmsilçisi Lukaş Yasina isə bildirib ki, Polşa dövlətinə məxsus bina vaxtilə Rusiya tərəfindən qanunsuz şəkildə mənimsənilib. Səfirliyin yanında yerləşən məktəb binasının müsadirəsi məhkəmə icraçıları tərəfindən həyata keçirilib və bununla da müvafiq məhkəmə qərarının icrası təmin olunub.

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev mətbuat açıqlamasında məktəb binasının diplomatik status daşıdığını və Polşanın həmin binaya müdaxilə etmək hüququnun olmadığını bildirib. O qeyd edib ki, məktəb binasının müsadirəsi diplomatik münasibətləri tənzimləyən 1961-ci il Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Polşa mətbuatının məlumatına görə, məktəb binası 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra dövlət mülkiyyəti elan edilib və sonra Sovet İttifaqına təhvil verilib.

Ukraynadakı müharibədən sonra onsuz da gərgin olan Rusiya-Polşa münasibətləri məktəb binasına görə daha da gərginləşib. Rusiya tərəfi bu hadisə ilə əlaqədar xüsusi araşdırma komitəsi yaradıb və məsələnin hüquqi müstəvidə qiymətləndirilməsini həyata keçirəcək.