ABŞ-da ticarət mərkəzində atışmada 8 nəfər ölüb - YENİLƏNİB


ABŞ-nin Texas ştatının Allen şəhərində ticarət mərkəzində baş verən atışma nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanalın məlumatına görə, başqa çağırışla mərkəzin yaxınlığında olan polis əməkdaşları atəş səslərini eşidib və atəş açan şəxsi məhv ediblər. 6 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Daha 7 yaralı xəstəxanaya yerləşdirilib.

***

05.55

Texas ştatının Allen şəhərində ticarət mərkəzində bir neçə nəfər güllələnib.

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, atışma “Premium Outlets” ticarət mərkəzində baş verib. Polisin məlumatına görə, “atəş açan şəxs öldürülüb və çoxlu sayda itki var”. Yüzlərlə insan təcili olaraq supermarketdən təxliyə edilib, qurbanlar arasında uşaqlar da var. Binada 30-a yaxın atəş açılıb, bundan sonra təcili təxliyə təşkil edilib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, beş nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Ən azı səkkiz vətəndaş yaralanıb, onların hamısı dərhal xəstəxanaya çatdırılıb.

Polisin verdiyi məlumata görə, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.

***

04.21

Şənbə günü Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bBu barədə Fox News məlumat verib.

Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis insanlardan hadisə yerindən uzaq durmağı xahiş edir.