Ötən sutka İtaliyaya dəniz yolu ilə 800-dən çox mühacir gəlib

Siciliyanın cənubundakı Lampeduza adasına son 24 saat ərzində dəniz yolu ilə 800-dən çox miqrant gəlib.

AZƏRTAC xəbər verir ki, gün boyu 20 qeyri-qanuni miqrasiya cəhdinin qarşısını alınıb, qəza vəziyyətində olan qayıqlardakı miqrantlar xilas edilib. Gecə saatlarında isə qayıqlardan xilas edilən təxminən 240 nəfər İtaliyanın sahil mühafizəsi xidmətinin patrul gəmisi ilə Lampeduza limanına gətirilib. Ötən sutka ərzində azyaşlılar və qadınlar da daxil olmaqla, ümumilikdə 803 miqrantın Lampeduza adasına gəldiyi, buradakı miqrant düşərgəsində hazırda 1425 nəfərin olduğu bildirilib.

Qeyd edək ki, İtaliya son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İlin əvvəlindən İtaliyaya dəniz yolu ilə 110 mindən çox miqrant gəlib.