Biletlərini  dəyişə bilmədilər, amma həyat qurtardılar 


Talelərinə bir insanın həyatını xilas etmək yazılıbmış. Söhbət Emili Raines və dostu Daniel Shifflettdən gedir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Floridada ürəkləri istəyən kimi tətil keçirən ikili Maryland Laotimordakı evlərinə tez qayıtmaq üçün təyyarə biletini dəyişdirmək istəyib.

Lakin bu, mümkün olmayıb. Onlar əvvəlcədən hansı təyyarəyə bilet almışdılarsa, onunla uçmalı olublar. Bu da bir qismətdi. Demə, bu iki nəfərin taleyində bir insanı xilas etmək varmış. Təyyarə havaya qalxdıqdan az sonra salondakı sərnişinlərdən birinin səhhətində problem yarandığı elan edilib və tibbi təhsili olanların təyyarənin ön hissəsinə gəlmələri xahiş edilib. Bunu eşidən Daniel və Emili yerlərindən cəld sıçrayaraq ön hissəyə adlayıblar.  Sərnişin kreslosundakı adamın üzü göm-göy idi, nəbzi də vurmurdu. Emili və Daniel tibb sahəsində çalışdıqları üçün sərnişinə yardım göstərməyə başlayıb. “Uçuş heyətindən bir nəfər xəstəyə ürək masajı edirdi, süni nəfəs verməyə çalışırdı. Ancaq bunu yanlış icra edirdi. Belə hallarda insanın həyatını xilas etmək üçün ilk növbədə onu düz bir səth üzərinə uzatmaq lazımdır. Bunu etməmisinizsə, digər səyləriniz heç bir fayda verməz” söyləyən Daniel xəstəni həyata qaytarmaq vəzifəsini üzərinə götürüb və işə başlayıblar. Onlar sərnişini təyyarə salonunun dəhlizində yerə uzadıb, ürək masajı etməyə başlayıb. Sərnişinin köksünün qalxıb-enmədiyini gördükdə nəfəs yolunun tutulduğunu anlayıblar, təyyarədə fövqəladə hallar üçün nəzərdə tutulan tibbi avadanlıqların cəld gətirilməsini istəyiblər. Bu alətlərdən istifadə edərək sərnişinin nəfəs yolunu aça biliblər. 15 dəqiqə sonra sərnişinin təkrar nəfəs aldığını, qəlbinin döyünməyə başladığını görüblər. Təyyarə təcili eniş etdikdə sərnişin artıq oyaq vəziyyətdə olub. Emili və Daniel deyib ki, Baham adalarından evlərinə dönürmüşlər. Təyyarə biletini 2 dəfə dəyişdirməyə cəhd ediblər, amma alınmayıb. Deməli, qismət belə imiş. Talelərinə bu insanı xilas etmək yazılıbmış və bunu edə bildikləri üçün özlərini xoşbəxt sayırlar. Sərnişinin həyat yoldaşı isə sonradan onlara təşəkkürünü bir qutu şirniyyat göndərməklə bildirib. Həyat yoldaşı barədə isə “mən də anlamadım, birdən-birə nə baş verdiyini. Ehtimal ki, o, təyyarədə qəlb krizi keçirmişdi. Siz kömək etməsəydiniz, bu gün həyatda olmaya bilərdi”.