Aclıq təriqəti üzvləri həbs edildi

Belə adamları 2 il həbs cəzası gözləyir

Keniyada müridlərini ac qalmağa təhrik edərək onlara guya İsa peyğəmbərə qovuşacaqlarını vəd edən təriqət başçısının ifşasından sonra da aclığı davam etdirməkdə qərarlı olanlar həbs edilir. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, təriqət üzvlərinin ölümünə ac qalmalarının səbəb olduğu müəyyənləşdikdən sonra aparılan araşdırmalar nəticəsində təriqət başçısı,  “Good News International” Kilisəsinin keşişi Paul Makkenzi həbs edilib. 

Ardınca da aclığa məhkum edilmiş təriqət üzvləri toplaşdıqları düşərgədən çıxarılaraq sığınacağa yerləşdirilib. Lakin sığınacaqda üzvlər yenə aclığı davam etdirməyə cəhd göstərib, yeməkdən imtina ediblər. Belə olduqda yerli polis təriqət üzvlərindən 65 nəfəri  intihara təşəbbüs ittihamıyla həbs edib.  Keniyada özünə qəsd cinayət əməli hesab edilir. Və buna təşəbbüs edənlər cinayət məsuliyyətinə cəlb edilir. Belə adamları 2 il həbs cəzası gözləyir. Sajahanadi Xilasetmə Mərkəzində yeməkdən imtina edən 65 nəfər barəsində də cinayət işi açılıb və onlar həbsxanaya göndərilib.  Prokurorluq bu insanların həmçinin psixoloji müayinədən keçirilməsini tələb edib. “Aclıq təriqəti” ilə bağlı istintaq bu ilin aprel ayında başlayıb. 260 nəfərin öldüyü müəyyənləşib, 613 nəfər hələ də itkin sayılır və axtarışdadır. Təriqət başçısı keşişin məhkəməsi isə təxirə salınıb.