Dünya rekordu: Böyrəyindən 800 qram ağırlığında daş çıxarıldı

Şri-Lankada bir hərbçinin böyrəyindən çıxarılan daş böyüklüyü ilə görənləri heyrətə salıb, sahibinə is dünya rekordçusu adını qazandırıb.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, böyrəklərdə əmələ gələn dşalar adətən 4-6 mm. ölçüsündə olur. Şri-Lanka ordusunun ehtiyatda olan zabitinin böyrəyindən çıxarılan daşın ölçüsü isə tam 13 santimetrdir. Sayt xəbər verir ki, sabiq hərbçi Canistus Coonghe böyrəyindəki ağrılar səbəbiylə həkimə müraciət edib. Onu müayinə edən həkim təcili əməliyyat edilməsini məsləhət görüb. Əməliyyat Kolombodakı Ordu xəstəxanasında icra edilib. Əməliyyat zamanı çəkilmiş fotolar da Şri-Lanka ordusu tərəfindən paylaşılıb. Əməliyyat barədə açıqlama verən həkimlər hərbçinin sağ böyrəyindən 800 qram ağırlığında daş çıxardıqlarını deyiblər. Həkimlər onu da deyib ki, belə böyüklükdə daş, maraqlıdır ki, pasiyentə ağrı versə də böyrəyə heç bir zərər verməyib. Bu vaxtadək dünya üzrə böyrəklərdən çıxan ən böyük daş 2018-ci ildə pakistanlı xəstəyə “mənsub idi”. O zaman pakistanlının böyrəyindən çıxan daşın çəkisi 616 qram olub. Ondan əvvəlsə dünya rekordu hindistanlıya aid olub. Şri-Lankal hərbçinin böyrəyindən çıxarılan 800 qram ağırlığındakı daş ilə dünya rekordu təzələnib.