Saakaşvilinin dövlət hesabına uçuşları ilə bağlı sənədlər məxfilikdən çıxarılacaq

Gürcüstanın Müdafiə Nazirliyi (MN) eks-prezident Mixail Saakaşvilinin dövlət hesabına uçuşları barədə məlumatları əks etdirən sənədlərin məxfiliyini aradan qaldıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Müxalif Vahid Milli Hərəkat Partiyası bir müddət öncə Baş nazir İrakli Qaribaşviliyə qarşı şəxsi xarici səfərlərdə büdcə vəsaitlərinin mümkün mənimsənilməsi işi üzrə istintaqa başlamaq tələbi ilə prokurorluğa müraciət edib.

“Müdafiə Nazirliyi eks-prezidentin hava səyahətinə dair sənədlərin məxfiliyinin açılması prosesinə başlayıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, söhbət 2010-2012-ci illərdə Müdafiə Nazirliyi ilə “Georgian Airways” arasında tərtib olunmuş sənədlərdən gedir. Üstəlik, 2012-ci ildə “Gürcü Arzusu” Partiyası hakimiyyətə gələndə iki sazişin məxfiliyi ləğv edilib.