Rusiya XİN: Aİ Avropada yeni “dəmir pərdə” çəkir

Aİ Avropada yeni “dəmir pərdə” çəkir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa Komissiyasının Rusiya mənşəli malların Aİ-yə idxalına tətbiq edilmiş qadağa ilə bağlı bəyanatında bildirilib.


Qeyd olunub ki, Brüssel Avropada insanların ünsiyyətini məhdudlaşdırır.

"Avropa Komissiyasının Rusiya mənşəli malların Aİ-yə idxalına əvvəllər tətbiq edilmiş qadağa ilə bağlı “aydınlaşdırması” ilk anti-Rusiya hərəkəti deyil. Birbaşa uçuşların qadağası, viza praktikasının sərtləşdirilməsi, indi isə absurddan artıq olan sanksiyalarla bağlı bu “aydınlaşdırmalar” konkret olaraq sıravi rusiyalılara zərər vurmaq, əslində Rusiya vətəndaşlarının Avropa İttifaqına daxil olmasını qeyri-mümkün etmək məqsədi daşıyır. Aİ-nin hazırkı rəhbərliyinin insanlar arasında ünsiyyət imkanlarını mümkün qədər məhdudlaşdıraraq Avropada yeni “Dəmir Pərdə” qurmaq istəyi indi tamamilə göz qabağındadır.

Biz bunu Avropa Komissiyasının hüquqi qeyri-müəyyənlik yaratmağa və Aİ-yə üzv dövlətləri rusiyalılara qarşı milli mənsubiyyətinə görə ayrı-seçkiliyi artırmağa açıq şəkildə təhrik etməyə yönəlmiş şüurlu hərəkətləri kimi qiymətləndiririk.

Rusiya Federasiyası Rusiya mənşəli malların Aİ-yə idxalına qoyulan qadağanın icrasına nəzarət edəcək və hər bir ölkəyə münasibətdə cavabı müəyyən edəcək.

Aİ ölkələri Brüsselin arxasında gizlənə bilməyəcək, hər bir dövlət rusiyalıların hüquqlarını bilərəkdən pozmağa görə məsuliyyət daşımalı olacaq.

Rusiyalılar xaricə səfərlər planlaşdırarkən və dost olmayan ölkələrdə qalarkən bütün riskləri diqqətlə ölçməlidirlər", deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.