PKK böyük ölçüdə Türkiyə ərazisindən çıxarılıb - ŞƏRH

Terrora aman verilməyəcək

Onun özünə tərəfdaş toplamaq imkanı demək olar ki, sıfıra endirilib

  Türkiyənin Ankara şəhərində terror aktı törədilib. Hadisə Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verib. Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib: "Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb". Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib ki, Ankarada terrora cəhd edən iki terrorçu Kayserinin Develi ilçəsində baytarı qətlə yetirərək ona məxsus avtomobili oğurlayıblar: “Baytar həkimdən xəbər ala bilməyən yaxınları jandarmaya məlumat veriblər. Daha sonra baytarın cəsədi tapılıb və onun avtomobilinin qaçırıldığı məlum olub". Baş vermiş terror cəhdinin məsuliyyətini PKK öz üzərinə götürüb. Teraktdan sonra Türkiyə Ordusu dərhal Yaxın Şərqdə hərbi əməliyyatlara başlayıb və İraqın şimalında terrorçulara məxsus 20 hədəf məhv edilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, həm Türkiyədə, həm də onun hüdudlarından kənarda terrorla mübarizə qətiyyətlə davam etdiriləcək. NATO Baş katibi Yens Stoltenberq Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayıb: "NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir. Xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına şəfa diləyirəm".
  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, baş vermiş terror aktını PKK-nın öz üzərinə götürməsi onu deməyə əsas verir ki, uzun zamandan bəri Türkiyə hakimiyyətinin səyləri nəticəsində fəaliyyətini ciddi ölçüdə məhdudlaşdıra bildiyi PKK bu müddətdə hələ də gizli ocaqlarını saxlaya bilib. Analitik vurğulayıb ki, PKK böyük ölçüdə Türkiyə ərazisindən çıxarılıb:
 "Onun özünə tərəfdaş toplamaq imkanları demək olar ki, sıfıra endirilib. Türkiyə ərazisindəki PKK məntəqələri hesab edilən ərazilər tamamilə terrorçulardan və simpatizanlarından təmizlənib. İndiki məqamda terror törətmək faktını isə əsasən Türkiyənin İraq və Suriya ərazisindəki bölgələrdə fəaliyyətinə cavab kimi dəyərləndirmək olar. Türkiyə ordusu bu ərazilərdə PKK terrorçularına göz açdırmır. Hesab edirəm ki, indiki məqamda, xüsusən Türkiyə Böyük Millət Məclisinin açılış günü və bir sıra strateji əhəmiyyətli dövlət orqanlarının yerləşdiyi məkana yaxın terror aktı törətmək Türkiyə dövlətinə maraqlı güclər tərəfindən verilən mesajdır. Bu mesaj Türkiyənin İsveçin NATO-ya daxil olmasını blokladığı üçün elə İsveçin və digər NATO üzvlərindən olan ölkələrin, məsələn, Amerikanın iştirakı ilə ola bilər. Çünki bir neçə müddət öncə "İstiqlal Caddəsi"ndə terror hadisəsi törədən qadının izləri Amerikaya kimi gedib çıxmışdı. Onu İraqdan PKK-çılar təlimatlandırıb Türkiyəyə keçirmiş və telefonla əlaqə saxlamışdılar. İndiki terror hadisəsi də eyni motivlidir. Türkiyənin İsveçin NATO-ya üzv olması məsələsi Amerika üçün vacib məsələdir".