G7 XİN rəhbərləri Şimali Koreyanı Rusiyaya silah ötürməkdə ittiham ediblər

Yeddilik Qrupu (G7) ölkələrinin XİN rəhbərləri Şimali Koreyanı Rusiyaya silah ötürməkdə ittiham ediblər.

APA Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən Yeddilik Qrupu (G7) ölkələrinin XİN rəhbərlərinin Sammiti zamanı bildirilib.

Sammit iştirakçıları Pxenyanın dəfələrlə ballistik raket atmasını da kəskin şəkildə pisləyiblər:

“İclas iştirakçıları Şimali Koreyanın dəfələrlə ballistik raketlər atmasını, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini birbaşa pozan Pxenyandan Moskvaya silah tədarükünü kəskin şəkildə pisləyiblər”, - deyə XİN-in bəyanatında qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusyaya Şimali Koreyadan silah göndərilməsi ilə bağlı Vaşinqtonun iddialarını şayiələr adlandırmışdı.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da Pxenyanın Rusiyaya guya silah tədarükü ilə bağlı xəbərləri əsassız və qeyri-dəqiq adlandırıb.