Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır -ANALİTİK

AB-nin Ermənistandakı səfiri Andrea Viktorinn bir sıra müxalifət nümayəndələri, o cümlədən deputatlarla qapalı görüşlərinin birində ölkədəki siyasi məhbus problemi ilə bağlı hakimiyyətə ciddi narahatlıqlarını ifadə etdiklərini qeyd edib. 

Ermənistan mətbuatının yaydığı xəbərə görə "Onlar ən problemli epizodu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyanın 11 aya yaxın həbsini hesab edirlər. Səfir şəxsən Ermənistan Baş naziri Nikol Paşinyana bildirib ki, Aşotyana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bir sıra vəsatətlər verilib, amma onlara məhəl qoyulmayıb və nəzərə alınmayıb".

Qeyd edək ki, Aşotyan barəsində həbs qətimkan tədbiri ilə bağlı 30 müxalifət deputatı vəsatət qaldırıb. 

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlaması zamanı deyib ki, son vaxtlar Qərbin Ermənistan hakimiyyəti ilə bağlı narazılıqları gözə çarpır:
"Çünki Paşinyan hökuməti Qərbin istədiklərini tam olaraq verə bilmir. Buna rəsmi İrəvanın Moskva ilə münasibətlərini həddindən artıq gərginləşdirməməsi, siyasi məhbusları azadlığa buraxmaması kimi nümunələr göstərmək olar. Lakin bu məsələdə erməni lobbisinində təsiri var. Paşinyan hökumətinin Azərbaycanla delimitasiya və demarkasiya prosesslərini davam etdirməsi və Türkiyəyə qarşı soyqırım ittihamlarını komissiya quraraq yumşaltmağa çalışması erməni lobbisi tərəfindən bəyənilmir". 

Analitik əlavə edib ki, hazırda Ermənistanda həbsdə olan siyasi məhbuslar əsasən separatçı və rüşvətxorlardır:
"Qərb bu məsələdə ilk zamanlar səssiz qalsa da, indi Ermənistana təzyiq göstərir. Düşünürəm ki, bunun səbəbi Paşinyanın Qərbin bir sıra tələblərini yerinə yetirə bilməməsidir".