Baltik ölkələrində Rusiyaya qarşı əhval-ruhiyyə uzun illərdir davam edir
Latviya Prezidenti Edqars Rinkeviçs deyib ki, NATO Rusiyanın eskalasiyanı davam etdirərək alyansla açıq qarşıdurmaya keçə biləcəyi ssenariyə hazır olmalıdır.
Dövlət başçısı bildirib ki, NATO ölkələri alyansa qarşı istənilən hücumun ciddi nəticələr doğuracağına dair Rusiyaya açıq mesajlar verməlidir. Ukraynaya müsabət fikirlər söyləyən Latviya prezidenti qeyd edib ki, əgər Rusiya NATO-ya meydan oxusa, alyansın cavabı mütənasib olacaq.
Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bütün Baltikyanı respublikalarda Rusiya əleyhinə əhval-ruhiyyənin mövcud olduğunu söyləyib:

"Sovet İttifaqından ayrıldıqdan sonra hər üç ölkədə Rusiyaya qarşı hərəkatlar xeyli güclənib. Həm Avropa İttifaqı, həm də NATO baxımından Baltik ölkələri çox mühüm rol oynayıb və öncül mövqedə çıxış ediblər. Bu, keçmiş Sovet respublikaları arasında da belədir. Latviya Prezidentinin bu açıqlamalarını çox ciddi qəbul edilməli bəyanat hesab etmirəm. Çünki Ukraynanın istər NATO-da, istərsə də Avropa siyasətində tutduğu yer və çəkisi məlumdur. Onlar ənənəvi Rusiya narahatlığı və Rusiyadan duyulan qorxu çərçivəsində zaman-zaman bu cür açıqlamalar verirlər. Bu da digər Avropa ölkələrinin liderlərinin açıq şəkildə xoşuna gəlir. Buna görə də mən bunu NATO adından verilmiş bir açıqlama kimi qiymətləndirməkdənsə, Latviya Prezidentinin şəxsi fikirləri kimi oxumağın daha doğru olduğunu düşünürəm. Avropa İttifaqı ilə bağlı vurğuları da eyni şəkildə qiymətləndirirəm".
Analitik Avropa İttifaqının artıq əvvəlki Avropa İttifaqı olmadığını deyib:
"O, öz üzv ölkələri arasında iqtisadi inkişafı dəstəkləmək imkanından da xeyli uzaqlaşıb. Xüsusilə Çinin yüksəlişindən sonra liberal Avropa artıq, bir mənada, sosial Avropanı belə maliyyələşdirə bilmir. Əhali qocalır. Buna görə də Avropa İttifaqının iqtisadi nəhəng və ya iqtisadi güc olması ilə bağlı üstünlüyündə də artıq çox ciddi aşınma müşahidə olunur. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın Rusiyaya qarşı tutduğu mövqeyə görə Avropa iqtisadiyyatlarında inflyasiya artdı. Eləcə də o Ukraynaya edilən yardımların gətirdiyi maliyyə yükünün öhdəsindən gəlməkdə çətinlik çəkir. Nəticədə bu, bir mesajdır. Bunu Latviya Prezidentinin şəxsi fikirləri kimi qiymətləndirə bilərik".