Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, MM Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalını təltif edib.
Tatarıstan Respublikası Rəisinin “Təşəkkür sözü”nü - "Rəxmət Süze"ni Ə.Qoşalıya Bakıda keçirilən Tatar milli bayramı – Sabantuy şənliklərində Rəis Rüstəm Minnixanov özü təqdim edib.
Ə.Qoşalı bu ilin aprelində Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşin və Tatarıstan Yazıçılar Birliyinin başqanı, Millət vəkili, Xalq şairi Rkail Zəydulla tərəfindən də “Təşəkkürnamə” ilə, ötən ilin noyabrında isə Tatarıstan Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif olunmuşdu.
Əkbər Qoşalı Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin rəhbəri, uyğun nəşrlərin tərtibçisi, redaktoru, uyğunlaşdırıcısı və ya önsöz müəllifi olub. O, “Gənc tatar şeiri antologiyası”nı, “Tatar hekayələri antologiyası”nı Bakıda nəşr edib, bir neçə tatar yazarının yaradıcılıq örnəklərinin Azərbaycan dilinə çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib, habelə Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə ölkəmizi uğurla təmsil edib.
Əkbər Qoşalı ümumən qardaş xalqlar arasında ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyət göstərir.