Tikinti sektorunda qeyri-rəsmi şəkildə işləyənlərin sayı açıqlanıb. Belə ki, "ASAN xidmət" Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 141 səyyar monitorinq həyata keçirilib. Monitorinq edilmiş işçilərin sayı 5338, monitorinq edilmiş işəgötürənlərin sayı 288 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib. Monitorinqlərin keçirilməsindən sonra 119 414 əmək müqaviləsi imzalanıb.
Məsələyə münasibət bildirən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a söyləyib ki, digər sahələrə nisbətən tikinti sektorunda hər zaman bu kimi vəziyyət yaşanıb:
“ Monitorinqdən qabaq da görürdük ki, tikinti şirkətləri işçilərlə ikitərəfli əmək müqaviləsi bağlamır. Hazırkı monitorinq nəticələri də bu arzuolunmaz halı bir daha sübut etdi. Tikinti şirkətləri işçilər ilə əmək müqaviləsi bağlayanda bəzi tender əməliyyatlarını yerinə yetirməli olur.
O tender əməliyyatları da xərclərdir. Şirkətlər xərcləri azaltmaq məqsədi ilə işçilərlə müqavilə bağlamır. Yəni tikinti şirkətlərinin işçilərlə əmək müqaviləsi imzalamamasının ilkin səbəbi onların əlavə xərclərdən qaçmağıdır.
Həmin şirkətlərin tək məqsədi tinkintini başa çatdırmaqdır. Eyni zamanda orada peşəkar kadırlarla işləyənləyən sutrukturlar da yoxdur. Azərbaycanda dayanaqlı tikinti şirkətləri çox azdır.
Yəni, peşəkar, ixtisaslaşmıs səviyyədə iş aparanlar yox dərəcəsindədir. Eyni zamanda şirkətlərin bu addımı işçilərin arzuları ilə üst-üstə düşür. Işçilər sənəd toplamaq, əlavə vaxt sərf etməyi sevmirlər. Onlar sadəcə işləyib pullarını almaq istəyirlər.
Artıq görürük ki, məsələnin bu həddə çatması hər iki tərəfin maraqlarının qarşılıqlı olmasından aslıdır. Qarşılıqlı maraqlar da istər-istəməz bu cür qanunsuz halların yaranmasına gətirib çıxarır.
Halbuki, əmək müqaviləsi işçi üçün vacibdir. Hər dəfə kütləvi informasiya vasitələri, ekspertlər, qanun keşikçiləri bildirir ki, əmək müqaviləsi işçini qoruyan qanuni sənətdir. Son zamanlar qanunsuz işləyən və iş verənlərlə bağlı qanunlar sərtləşdirilib.
Lakin çox zaman buna da məhəl qoyulmur. Ümumiyyətlə, uzun müddətdir ki, tikinti sektoru bu formada işləyir.
Qeyri-qanuni faktlar çox olur. Yəni ixtisassız əməkdir. Fikrimcə, bu sahədə qanun yenə sərtləşməli və onun icrası da güclənməlidir. Həmçinin bu sektorlarda əmək müfəttişlərinin tez-tez yoxlama aparmasına icazə verilməlidir. Əks təqdirdə bu tendensiya belə də davam edəcək”.