Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı məlumat yayıb.
Nazirlikdən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, təyyarə hərbi aerodromdan gecə vaxtı qalxıb, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib.
“Yayılan videogörüntüdə isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür. Yayılan videogörüntünün heç bir əsası yoxdur. Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Sosial şəbəkələrdə yayıldan videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir. İctimaiyyətə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən, yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.