İctimai çimərliklərdə vətəndaşlarımız və əcnəbilər zəruri olan bütün avadanlıqlardan pulsuz istifadə edə biləcəklər.
Bununla bağlı ictimai çimərliklərin dövlət çimərliklərindən fərqi barədə danışan Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov məlumat verib.
Şöbə müdiri bildirib ki, pulsuz çimərliklərə hər kəs sərbəst daxil olaraq, çimərlik ərazisindəki çətirlərdən, köşklərdən, stol-stullardan və geyinmə-soyunma otaqlarından heç bir ödəniş etmədən istifadə edə bilərlər.
Məlumat üçün bildirək ki, BŞİH Səbail rayonu Şıx ərazisində və Novxanı qəsəbəsi də daxil olmaqla, ümumilikdə 7 ərazidə ictimai çimərliklər yaradılacağı barədə məlumat yayıb.
Pulsuz çimərliklərin təsis olunacağı xəbəri dənizdə sərinləməyi sevən, lakin pullu xidmətdən dolayı Xəzərin suyuna həsrət qalan vətəndaşları xeyli sevindirib.
BŞİH-in çimərliklərlə bağlı qərarını “Sherg.az”a dəyərləndirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar Tofiqli deyib ki, ictimai çimərliklərin yaradılması sakinlərin məmnunluğu istiqamətində atılmış çox düzgün addımdır.
Ekspertin sözlərinə görə, sadəcə olaraq ilk növbədə prosesə güclü nəzarət etməyə ehtiyac var:
“Nəzarət edilməlidir ki, çimərliklərdə neqativ hallar baş verməsin, vətəndaşlardan hansısa xidmət üçün pul tələb edilməsin. O baxımdan pulsuz çimərliklərdə ictimai nəzarətin gücləndirilməsi zəruridir.
Yəni Bakı Şəhər İcra Hakimiyyətinin bu cür layihələri reallaşdırmaq istəməsi alqışa layiqdir, amma mütləq şəkildə prosesə nəzarət olunmalıdır.
Əgər layihə tam şəkildə həyata keçirilə bilsə, dənizə getmək istəyən xeyli vətəndaş bundan yararlanacaq. Pulsuz çimərliklərə nəzarət mexanizmini də qeyri-hökumət təşkilatları hazırlayıb İcra Hakimiyyətinə təqdim edə bilərlər.
Söz yox ki, bu nəzarət meriya nümayəndələrinin tövsiyyəsi və iştirakı ilə reallaşdırıla bilər”.